Ekoloqdan sərt tənqid: Ekoloji mədəniyyətin ən primitiv nüanslarını belə bilmirik

Paytaxtın bir çox ərazilərində zibil konteynerləri olduğu halda bəzi insanlar tullantıları ətrafa atırlar. Sakinlər də baş verən hadisədən narahat olduqlarını bildirirlər. Onlar bu kimi halın həm təbiətə, həm də insanlara zərər vurduğunu deyirlər. Qeyd edək ki, tullantıların ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.


Məsələ ilə bağlı danışan ekoloq Rövşən Abbasov "Sherg.az"a bildirib ki, ölkə əhalisinin ekoloji məlumatlılığı kifayət qədər yaxşı deyil:

''İnsanlar hara gəldi zibil atır və bunun böyük faciələrə səbəb olacağını düşünmürlər. Bir sözlə, ekoloji mədəniyyətin ən primitiv nüanslarını belə bilmirik. Ümumiyyətlə, Azərbaycanda xüsusi ilə kənd ərazilərində və turistik bölgələrdə plastik tulantıların idarə olunması ən böyük problemlərdən biridir. Bu problem həll olunmaqdansa, getdikcə kəskinləşir. Təəssüf ki, turistik bölgələrdə istirahət edən şəxslər ən adi ekoloji standartlardan məlumatsızdırlar. Restoran, kafe, istirahət mərkəzlərinin sahibləri həmin obyektləri tikdirərkən öz tulantılarını hara təhvil verəcəklərinin fərqində olmurlar. Əksər ərazilərdə tulantıların idarəetmə sxemi olmadığı üçün bu cür nöqsanlar yaranır. Ona görə də ilk olaraq vətəndaşların məlumatlılığını artırmaq lazımdır. Daha sonra, bütün bölgələrimizdə tulantıların idarəetmə mexanizmini qurmaq şərtdir".