Azər Allahverənov: Rusiyada belə bir qanunun qəbul edilməsi xoşagələn deyil

Rusiya Federasiyasının Dövlət Dumasına əmək miqrantlarının Rusiyada ailələri ilə birləşməsini qadağan edən qanun layihəsi daxil olub. Liberal demokrat fraksiyasının lideri Leonid Slutskinin rəhbərlik etdiyi bir qrup LDPR deputatı tərəfindən hazırlanan qanun layihəsi əmək lisenziyası (patent-red ) olan miqrantlara ailə üzvlərini Rusiyaya gətirməyi qadağan edir.                                                                                                                         
 “Əmək miqrantlarının ailələri onlarıa vətənlərində gözləməlidirlər. Onlar Rusiyaya gələndə işləyən əcnəbilərin qohumları kompakt anklavlarda yaşayır, öz dillərində danışır və yerli sakinlərə laqeyd yanaşırlar”, deyə Slutski vurğulayıb.
Qeyd edək ki,Rusiya şirkətlərinin yüksək ixtisaslı xarici işçiləri üçün bu qanun istisna ediləcək.

Yeni qanun layihəsini dəyərləndirən "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov "Sherg.az"a deyib ki, mövcud qaydalara görə, Rusiya Federasiyasının ərazisində əlində əmək müqaviləsi və ya əmək patenti olan miqrant yaşayan şəxs ailə üzvlərini də Rusiyaya gətirmək hüququna malikdir:

''Bununla həmin şəxs özünün Rusiya ərazisində qanuni şəkildə əmək fəaliyyəti ilə məşğul olduğunu əsas gətirir. Burada hansısa bir bölgü aparılmır. İrəli sürülən təklifə görə, bölgü aparmaq lazımdır. Yəni, yüksəklə aşağı ixtisaslı mütəxəsisə verilən imkanlar dəqiq şəkildə ayırd edilməlidir. Bu qanun layihəsində də göstərilir ki, əməkçi miqrant aşağı ixtisaslı mütəxəsisdirsə, ailəsini Rusiyaya aparmaq məcburiyyətində deyil. Bu da Rusiyada əmək fəaliyyəti ilə məşğul olan əmək miqrantlarının böyük hissəsinin aşağı ixtisaslı mütəxəsis olması ilə əlaqəlidir. Xüsusi ilə Mərkəzi Asiya respublikalarından olan miqrantların böyük qismi Rusiyaya gedərkən ailələrini özləri ilə aparırlar. Bu da dövlət üçün əlavə sosial qayğı yaradan amilə çevrilir. Çünki bununla bağlı qanun ölkə ərazisində qanuni məskunlaşanların sosial paketlərə çıxışının təmin olunmasına şərait yaradır. Həmçinin, onlar yerli cəmiyyətə inteqrasiya, adaptasiya olunmaq istəmirlər. Yerli əhali ilə gərginliyə səbəb olan davranışlar göstərirlər. İstənilən halda belə bir qanunun qəbul edilməsi xoşagələn deyil. Çünki bu ayrıseçkiliyə səbəb olacaq. BMT-nin əməkçi miqrantlar və onların ailə üzvlərinin müdafiəsi ilə bağlı önəmli konvensiyasında çox geniş müddəalar var. Burada bir şəxs xarici ölkənin ərazisində əmək fəaliyyəti ilə məşğuldursa və ölkə iqtisadiyyatına xeyir verirsə, onun da ailə üzvlərinin qorunması üçün zəruri addımlar atılır. Ümid edirik ki, həmin qanun layihəsi qəbul olunmayacaq".