Demokratiya silahı: ABŞ İsrail üstünlüyü itirmədən məsələni danışıqlar masasına daşımaq istəyir

“Bu gün İsrail dörd tərəfdən terrorla əhatələnib. Lakin buna baxmayaraq inanırıq ki, vasitəçilərin dəstəyi ilə danışıqlarda irəliləyişə nail ola biləcəyik”. Bunu İsraildə səfərdə olan ABŞ-nin dövlət katibi Antoni Blinkenlə görüşündə İsrail prezidenti İsxak Hersoq bildirib. O deyib ki, hazırda bölgədəki humanitar böhranın həlli və girovların geri qaytarılması hökumətin bir nömrəli prioritetidir. "Bu, həlledici məqamdır - girovları evlərinə qaytarmaq, atəşkəsə nail olmaq və özümüzü sülh və təhlükəsizliyə aparan yola başlamaq üçün bəlkə də ən yaxşı və son şansımızdır", - Blinken deyib. O qeyd edib ki, tərəfləri sülhə aparacaq yol bilavasitə danışıqlardan keçir. İsrail prezident ölkəsinə göstərilən dəstək üçün rəsmi Vaşinqtona təşəkkür edib: “ABŞ-nin təşəbbüsü ilə bölgənin maraqlarının etibarlı müdafiəsi üçün effektiv koalisiya formalaşdırılıb. Bunda əsas məqsəd Yaxın Şərq regionunda hərtərəfli və dayanıqlı sülhə nail olmaq və İran təhlükəsinə qarşı qorunmaqdan ibarətdir. Bir məsələ hər kəsə aydın olmalıdır ki, İsrailə hücum və bizim özünümüdafiə hüququmuza heç bir kənar qüvvə qarışa və ölkəmizə nəyisə diktə edə bilməz”.

Blinkenin fikirlərinə münasibət bildirən hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, Amerika tərəfi zaman keçdikcə İsrailin Qəzzadakı addımlarının onlara zərər verə biləcəyini başa düşür:


“Onlar bu gün situativ reallıqda qazandıqları üstünlükləri itirə bilərlər. Hazırda HƏMAS ağır zərbələr alıb və onun mövcudluğunun belə sual altına düşməsi gözləniləndir. İsrail tərəfi isə Qəzzada əhəmiyyətli nəzarət mexanizmi formalaşdırıb. Ancaq Amerikanın hesabladığı kimi zaman keçdikcə Çin, Rusiya kimi ölkələr Yaxın Şərqdə maraqlarının təhlükə altına düşməməsi üçün Qərbdən yardım alan İsrailə qarşı formalaşan cəbhələri dəstəkləyə bilərlər. Eynilə burada İran və Türkiyə faktoru da var. Məsələn, Türkiyə əməliyyatların başladığı ilk günlərdə daha səssiz və təmkinli olsa da, indi Ankaradan yüksələn ciddi ritorikalar görürük. Bu ritorikalar isə Türkiyənin səbr kasasının dolub, daşmasından xəbər verir. Ona görə də Amerika İsrail üstünlüyü itirmədən məsələni danışıqlar masasına daşımaq istəyir”.

Ekspert qeyd edib ki, Amerikanın Əfqanıstana girəndə və İraq müharibəsinə başlayanda gətirdiyi əsas bəhanə demokratiya, insan hüquqları və hümanitar məsələlər idi:
“Amma bu gün Amerikanın dəstəklədiyi İsrailin Qəzzada həyata keçirdiyi radikal siyasət onun demokratiya oynuna zərər verəcək haldadır. Amerika da demokratik yanaşmalarının necə puç olduğunu çox yaxşı görür. Belə olan halda isə digər dövlətlər üzərində təsir vasitələrindən biri olan demokratiya silahını itirmək istəmir. İsrail əksər dövlətlər tərəfindən terrorçu kimi tanınır. Ona görə də Amerika çalışır ki, Qəzza problemi atəşkəs müstəvisinə keçsin. Əgər indi diplomatik həll yolu başlasa Amerika diqtə edən tərəfə çevriləcək”.