Bakıda gənc qadın qətl yetirilib.
Sabunçu Rayon Prokurorluğundan Bakupost.az -a bildirilib ki, hadisə avqustun 17-də Sabunçu rayonu ərazisində baş verib. 1999-cu il təvəllüdlü Xumar Həsənlinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1997-ci il təvəllüdlü Bəxtiyar Vəliyevin rayon ərazisində yaşadıqları fərdi yaşayış evində arvadı Xumar Həsənliyə kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə Bəxtiyar Vəliyev Sabunçu rayon prokurorluğu tərəfindən həmin Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyat keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq davam etdirilir.
Hadisəyə münasibət bildirən sosioloq Mətanət Məmmədova "Sherg.az"a söyləyib ki, son dövrlər ölkədə belə hadisələr tez-tez müşahidə edilir:
“Ötən həftə yaşlı ailədə bu hal baş vermişdi. Yəni ər öz arvadını hər kəsin gözü qarşısında döymüşdü. Belə nəticə çıxarmaq olur ki, yaşlı ailələr gənc ailələrə pis nümunə göstərərək təsir edirlər. Gənc ailədə aqressiv hərəkətin yaranması yaxşı hal deyil. Hadisənin hansı səbəbdən baş verməsini aidiyyatı qurumlar araşdıraraq məlumat verəcək. Həmin şəxsə isə ciddi cəza tətbiq edilməlidir ki, sonrakı ailələrdə eyni hadisə yaşanmasın. Məsələnin sosial tərəfindən baxanda isə, Azərbaycan cəmiyyəti və ailə dəyərlərimiz üçün layiq olmayan hərəkətlər olduğunu görürük. Yəni bu heç bir ailədə görmək istəmədiyimiz bir vəziyyətdir".
Ekspert qeyd edib ki, son zamanlar insanlar aqressivləşib:
"Onlar hansı hərəkəti edəcəyini müəyyən edə bilmir və özlərini saxlamağı bacarmırlar. Digər tərəfdən ailədə boşanma dərəcəsinə çatdıran bir məsələdə ola bilər. Lakin bu o demək deyil ki, ər öz həyat yoldaşına bu cür zorakılıq tətbiq etməlidir. Cəmiyyətlər baş verən hadisələrin yaranma səbəbi olur. Bu kimi hadisələrin qarşısını almaq lazımdır ki, səhəri gün say artmasın. 2024- cü il ərzində ər-arvad arasında olan münaqişələr böyük statistikanı fəth edib. Hansı səbəb olursa, olsun gedişat bu nəticə ilə sonlanmamalıdır. Kiminsə başqasını öldürməyə haqqı yoxdur. Ailə, Qadın Komitəsi öz işini günün nəbzi əsasında qurmalıdır. Bu günkü cəmiyyətimizdə belə hadisələrin artması aid qurumları qəflət yuxusundan oyanmağa çağırır. Yəni bu hadisələr öz çərçivəsindən çıxıb. Onları aradan qaldırmaq üçün artıq işə başlamaq lazımdır. Məktəblərdə, universitetlərdə, müxtəlif iş yerlərində və gənclərin toplu şəkildə olduğu yerdə həm hüquqi, həm də milli-mənəvi dəyərlər istiqamətində maarifləndirmə işləri aparmaq lazımdır ki, bu kimi hadisələrin qarşısı alınsın. Bu keçmiş zamanlardan qoruyub saxladığımız ailə dəyərlərimizi parçayalan məsələdir. Digər tərəfdən də cəmiyyətimizdə sosial yaradır və gənclərimiz üçün pis örnəkdir”.