Sosial şəbəkələrdə kriminal aləmi təbliğ edən səhifələr artmaqdadır. Bu səhifələrdə müxtəlif mahnılar, videolar və fərqli işarələr nümayiş olunur. Xezerxeber.az-ın məlumatına görə, son vaxtlar bu cür paylaşımların sayı artıb. Vətəndaşlar bu təbliğatların azyaşlı uşaqlar üçün ciddi təhlükə yaratdığını bildirirlər. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, sözügedən səhifələrlə bağlı araşdırmalar aparılır. Nazirlik, həmçinin qeyd edib ki, son iki ayda 100-ə yaxın belə səhifənin administratorları polis tərəfindən müəyyən olunub və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Məsələ ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı bildirib ki, çox vaxt günahı sosial şəbəkələrin üzərinə atırlar, lakin belə məsələlərə valideynlər də diqqət etmirlər:
''Hətta, valideynlər övladlarının ad günündə oğru aləmini təbliğ edən nişanlarla bəzədilmiş tortlar sifariş edirlər. Həmçinin mblemləri köynəklərin üzərinə həkk etdirərək onlara hədiyyə verirlər. Bunlar azmış kimi, həmin anları video şəklində öz sosial şəbəkələrində də paylaşırlar. Bir sözlə, bütün bunları başqaları yox, valideynlərin özləri edir. Əslində, sosial şəbəkələr bıçaq kimidir. Yəni, hər birimiz bıçaq vasitəsi ilə lazımi əməliyyatlar yerinə yetiririk. Ancaq bəzi adamlar bıçaqla adam da öldürür. Sosial şəbəkələr də bu cürdür. İnsan nəyə meyillidirsə, sosial platformalarda ona uyğun kontentlərdə videolara baxacaq. Ümumiyyətlə, uşaqların sosial şəbəkə istifadəçisi olmaq üçün yaşları kifayyət qədər deyil. Buna rəğmən bəzi valideynlər övladına tiktok açaraq bütün günü video paylaşır. Fikrimcə, həmin valideynlər daha sonra belə vəziyyətlərdən şikayyətlənməməlidirlər".