Milli Həmrəylik Günündə tarixi addım
Prezidentin təşəbbüsü cəmiyyət tərəfindən yüksək qiymətləndirildi
Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə Amnistiya elan olunması təşəbbüsünü irəli sürüb. Amnistiya Aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq. Prezident tərəfindən Milli Məclisə təqdim olunan Amnistiya Aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Amnistiya Aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Hüquq müdafiəçisi Xəzər Teyyublu Sherg.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin öz səlahiyyətindən istifadə edərək həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm də Yeni İl münasibətilə Amnistiya elan edilməsi təşəbbüsünü irəli sürməsi cəmiyyət tərəfindən çox müsbət qarşılanıb. Ekspert vurğulayıb ki, Amnistiya Aktının ümumilikdə 20 mindən çox şəxsə şamil edilməsi kifayət qədər böyük və ciddi hadisədir:
"Bayram günlərində genişmiqyaslı amnistiyanın elan olunması minlərlə ailəyə sevinc bəxş edilməsi deməkdir. Bu həm də cəmiyyətdə ümumi pozitivliyə, yumşalmaya və rahatlamaya səbəb olacaq addım olacaq. Sözün həqiqi mənasında, Milli Həmrəylik Günü ərəfəsində cənab Prezidentin amnistiya elan etməsi cəmiyyətin birliyini, həmrəyliyini gücləndirəcək. O baxımdan dövlət başçısının təşəbbüsü çox müsbət qiymətləndirilməlidir. Önəmli məqamlardan biri də əvvəllər məhbus həyatı yaşamış minlərlə vətəndaşımızın yenidən sosial həyata qayıtması, cəmiyyətə adaptasiya olaraq sosial-iqtisadi proseslərə töhfəsini verməsidir. Bu da çox mühüm sosial hadisədir. Xüsusən, ilk dəfə cinayət törətmiş şəxslərin, yaxud kiçik hadisələrə görə həbsə atılmış insanların cəmiyyətə geri dönüşü sosial effektin yaradılması üçün zəruridir. Təbii ki, amnistiyaya düşən məhbuslar da azadlığa qovuşduqdan sonra normal və sağlam həyatlarını davam etdirməli, hüquqazidd davranışlardan uzaq durmalıdırlar. Xatırladım ki, əvvəllər də dövlət başçısı tərəfindən amnistiya elan olunmuş və cəmiyyətdə çox müsbət qarşılıq görmüşdü. Hüquq müdafiəçisi olaraq dövlət başçısının bu təşəbbüsünü təqdir edirəm".