Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda 3 azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş 1960-cı il təvəllüdlü Seyidağa Həşimov (ad və soyadlar şərtidir) həbs edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, Şərur rayonunun kəndlərindən birinin sakini olan 64 yaşlı kişi Türkiyədən Azərbaycana qayıdarkən tutulub.
Araşdırmalar zamanı məlum olub ki, o, 2023-cü il ərzində işlətdiyi mağazada həmkəndliləri olan 2013, 2014 və 2016-cı il təvəllüdlü 3 uşağa qarşı seksual xarakterli zorakılıq əməlləri törədib. Uşaqlar valideynlərinə bu barədə bildirdikdən sonra polisə müraciət edilib və cinayət işi açılıb. Bu zaman Türkiyəyə gedən Seyidağa ölkəyə qayıdarkən tutulub. Azyaşlılar bildiriblər ki, mağaza sahibi onlara şirniyyat və digər qida məhsulları verərək iyrənc hərəkətlər edib.
Avqustun 12-də Naxçıvan Ağır Cinayətlər Məhkəməsində S. Həşimova hökm oxunub. O, Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 16 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, son dövrlər Naxçıvanda bu cür hadisələr artıb:
“Əvvəllər Naxçıvanda bu kimi xəbərlər yayılmırdı. Ya mətbuata ötürülmürdü, ya da baş vermirdi. Bütün hallarda insanlıq üçün üz qarası və dəhşətli bir vəziyyətdir. Bu insanlıqdan kənar bir vəziyyətdir. Heyvan heyvanlığı ilə belə hərəkət etməz. İnsan nə qədər ləyaqətini, şərəfini, mənliyini itirər ki, bir körpəyə qarşı bu cür hərəkət edər? Azərbaycanda belə hərəkət törədən insanların cəzalandırma sistemi humanist formada həyata keçirilir. Düzdür, uzun illərdir ölkəmizdə ölüm hökmü yoxdur. Ancaq belə cinayətlər üçün hər zaman axtalamağın tərəfdarı olmuşam. Bu biraz vəhşicəsinə və qəddarlıq kimi səslənə bilər. Lakin uşaqlara qarşı edilən qəddarlığın yanında axtalamaqları humanist cəza sistemidir. Dünyanın bir çox ölkəsində bu cəza sistemini həyata keçirirlər. Düşünürəm ki, bundan daha ədalətli cəza ola bilməz. Ölsə, xədim olmaqdan, axtalamaqdan daha yaxşıdır. Bu cəza ilə həbsxanaya gedənlərin aqibəti isə yaxşı olmur. Onların cəzasını həm həyat, həm də çevrələrindəkilər verir. Həmin insanlar yaşayarkən ölürlər. Hesab edirəm ki, bu ad ilə tutulmaq onlar üçün ölümə bərabərdir”.