Əhali qocalır
Dərd bir deyil, iki deyil, çoxdur...
"Çünki ailəsini dolandırmaq üçün 2 yerdə, ağır işlərdə çalışmaq zorundadırlar”
“Azərbaycanda son illərdə ailə institutları böyük zərbə altındadır. İndi mətbəxə keçib ailəsi, uşaqları üçün yemək bişirən qadınların sayı çox azdır”
“İndi cavanlar ölür, qocalar qalır…” Bu fikirlərə yəqin ki, son zamanlar hər kəs rast gəlir. Başını təsdiqləyici tərzdə tərpədənlər də az olmur. İnanclı insanlar ölüm və doğuluşla bağlı İlahi qüdrətə inandıqlarından “əcəldir, kimin vaxtı tamamdır, ya zəlzələdən, ya vəlvələdən, vəfat edəcək, kimsə bunun önünü ala bilməz”, deyir, nisbətən az inanclılar, elmə üstünlük verənlərsə axtarışlar aparır və xeyli səbəblər tapırlar. Əvvəlcə, görək statistika nə deyir.
Statistik məlumatlara görə, Azərbaycanda əhalinin 14.9 faizini yaşlı insanlar təşkil edir. Son 30 ildə (1994-2003) Azərbaycan əhalisinin yaş qrupları üzrə xüsusi çəkisində dəyişiklik müşahidə edilib. Dəyişikliyin dinamikası göstərir ki, Azərbaycan əhalisi qocalır və yaşı 60-dan yuxarı olan vətəndaşların sayı sürətlə artır. Gundem.az-ın xəbərinə görə, rəsmi statistik məlumatlarda qeyd edilib ki, 1994-cü ildə yaşı 60 və daha yuxarı olanların payı 8,8 faiz idi. Ötən ilin sonunda onların xüsusi çəkisi 14,9 faizə yüksəlib. Müqayisədən görünür ki, otuzillik dövrdə Azərbaycanda yaşlı insanların ümumi əhali sayında payı 69 faizdən çox artıb. Dəyişiklik özünü ahıl insanlar (yaşı 70 və daha yuxarı) qrupunda da göstərir. Belə ki, 30 il əvvəl əhalinin 3 faizi ahıl idisə, hazırda insanların 5 faizi ahıl yaşdadır. Proqnozlara görə, yaşlı insanların sayının artması qarşıdakı illərdə də davam edəcək.
Əhali arasında yaşlı, ahıl insanların sayı niyə artır? Statistik rəqəmlərə baxılsa, bunun bir səbəbi doğum sayının azalması ilə əlaqələndirilə bilər. Təbii ki, doğum sayı azalırsa, deməli, uşaqların, yeniyetmə və gənclərin də sayı getdikcə azalacaq. Bu, sadə məntiqdir. Statistikaya görə, bu ilin yanvar-iyun ayları ərzində qeydə alınan doğum sayı ötən illə müqayisədə azalıb. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində 48702 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,7-dən 9,6-ya düşüb. Boşanma sayında artım, nikahlarda isə azalma var. Bu ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22250 nikah və 10430 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,4-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb. Nikah azalırsa, yeni ailələr formalaşmırsa, əlbəttə, daha az körpə dünyaya gələcək. Bu da əhali təbəqəsində yaşlı insanların sayının artmasına səbəb olacaq. Heç nə səbəbsiz deyil. Lakin nikahlar, boşanmalar səbəblərdən biridir. Əhalinin daha çox qoca, yaşlı insanlardan ibarət olmasına gətirib çıxaran köklü, əsaslı səbəblər olmalıdır.
Sosioloq Əhməd Qəşəmoğlu bu fikirdədir ki, əhalinin yaş kateqoriyası, nikahlar, boşanmalar, doğum sayının statistikasından çıxış edərək ciddi sosial tədqiqatlar aparılmalıdır:
- Tədqiqat aparılmadan səbəbləri ortaya çıxarmaq mümkün deyil. Mən bir neçə səbəb göstərə bilərəm, bir başqası təkzib edib başqa səbəb göstərər. Normal cəmiyyətlərdə bu məsələlərlə elmi-tədqiqat mərkəzləri məşğul olur. Sosioloji tədqiqatlar aparır, əhali arasında görüşlər, sorğular keçirir, durumu əvvəlki illərlə müqayisə edirlər. Burada sadəcə statistik rəqəmlərlə kifayətlənmək heç nəyə nail olmamaq deməkdir. Tədqiqat hər sahədə aparılmalıdır. 20-30 il əvvəl insanlar hansı peşələrdə daha çox çalışırdı, ali təhsillilərin sayı nə qədər idi, hansı xəstəliklər daha çox idi, insanlar daha çox hansı xəstəliklərdən vəfat edirdilər, ailə tərkibi necə idi, insanlar daha çox nəylə qidalanırdı, necə istirahət edirdi, asudə vaxtları var idisə əgər, onu necə keçirirdilər.... tədqiqat obyekti olacaq məsələlər o qədərdir ki. Onu deyə bilərəm ki, Azərbaycanda son illərdə ailə institutları böyük zərbə altındadır. Ailələr get-gedə kiçilir, balacalaşır. Ata, ana, 1, uzaqbaşı 2 uşaq. Valideynlər, “birinə yaxşı baxaq, bəsdi”, “birinə güclə baxırıq, ikincisinə necə baxacağıq?” deyir. 40-50 il əvvəl belə idimi? Ailələrdə ən azı 4-5 uşaq olardı. Nənə, baba də ailənin içində. İndi ailə qurmağa hazırlaşan gənclər bəri başdan şərt qoyur: “qayınana ilə yaşamayacam”. “Köhnə adamlar” deyərdi ki, yaşlı insan, nənə, baba evin bərəkətidi. Onlar yoxdur, bərəkət də göyə çəkilib. Ailə dəyərləri dağılmaq üzrədir. Qadın ərin sözünü eşitmir, ər də qadının. Hərə öz bildiyi kimi yaşamağa çalışır. Bunlar hamısı insanların sosial-psixoloji durumuna mənfi təsir edir. İnsanlar stresə düşür, əsəb keçirir, nəticədə müxtəlif xəstəliklərə tutulur və vəfat edirlər. Vəfat edənlər arasında orta yaşlılar, gənclərin sayı niyə artır? Gənclərin normal istirahəti yoxdur. Smartfonda, İP-da tiktok izləmək istirahət deyil. Siz baxın, kənardan müşahidə edin, indi nə qədər gənc normal şəkildə istirahət edə bilir, nə qədəri səhhətiylə maraqlanır, həkimə müraciət edir? Çox az. Orta nəsil də belədir. Əksəriyyət ailəsinə qazanc aparmaq üçün gecə-gündüz əlləşir, vuruşur. Ailə qayğıları əzir insanları. Uşaqlarının, həyat yoldaşlarının qarşısında utanırlar, xəcalət çəkirlər, onların maddi ehtiyaclarını qarşılaya bilmədikləri üçün. Bu, səbəblərdən biridir. Başqa səbəblər arasında zərərli vərdişlərə mübtəla olmaq, zərərli davranışlar, zərərli qidalanma var. Ailə dəyərləri deqradasiyaya uğrayır, dedikdə, ancaq boşanmalar, həyat yoldaşları arasında münasibətlərin pozulması nəzərdə tutulmur. İndi mətbəxə keçib ailəsi, uşaqları üçün yemək bişirən qadınlar sizcə nə qədərdir? Azdır. Mən xanımların gecə-gündüz sobanın qarşısında dayanmasının tərəfdarı deyiləm. Kimsə düşünməsin ki, mən “qadınlar mütləq yemək bişirməlidir”, tərəfdarıyam. Mən qadınlar ailəni bir yerə toplamağı bacarmalıdır, deyirəm. Bu, nə zaman ola bilər? Əlbəttə, ailə bir yerdə süfrə başında əyləşəndə. Son 20 ildə xanımlar hazır qidalara “qaçır”. Evdə yemək bişirən çox azdır. Nənələrimiz deyərdi ki, ocaqda qazan qaynamalıdır. Bu, evin, ailənin istisi, mehribanlığı deməkdir, həm də.
Ə.Qəşəmoğlu qeyd etdi ki, erkən ölümlərin, ağır xəstəliklərin əsas səbəblərindən biri fast-food yeməkləridir:
- Bu yemək növü Avropaya məxsusdur. Sürətli yemək növüdür. İş arasında, fasilədə yeyilir ki, çox vaxt aparmasın. Onun zərərləri haqqında çox danışmağa ehtiyac da yoxdur. Hesab edirəm ki, bunu artıq çox adam bilir. Amma bildiklərinə rəğmən onlardan istifadə etməkdə davam edirlər. Baxırsan, 2 nəfərdən biri burger, dönər yeyir. Özü də ayaqüstü. Bunun çox ağır fəsadları insanlarımızın xərçəng xəstəliyinin müxtəlif növlərinə mübtəla olmasında göstərir. Qida borusu xərçəngi, mədə xərçəngi, bağırsaq xərçəngi... Mənşəyi bilinməyən ayaqüstü qidalar damarları tutur, ürək-damar sistemində çatışmazlıqlar yaranır. Ümumiyyətlə, son 20-30 ildə qida rasionumuz əsaslı şəkildə və mənfiyə doğru dəyişib. Təbii qidalar, meyvələr, tərəvəzlər yoxdur. Kimyəvi maddələrlə yetişdirilən meyvə-tərəvəzlər sağlamlığı böyük ölçüdə təhdid edir.
Ə.Qəşəmoğlu qeyd etdi ki, yaşlı nəsil sağlamlığına daha diqqətlidir:
- Yaşlı insan görmüsünüz, fast-foodla qidalansın, dönər alsın. Bəlkə də olar, amma az sayda. Ümumilikdə, insan bəlli bir yaş həddinə çatdıqdan sonra gənclik illərində buraxdığı səhvləri düzəltməyə çalışır. Qidasına diqqət edir, daha çox istirahət edir, çalışır fiziki işlə məşğul olsun, idman edir, səhərlər təmiz havaya çıxır, gəzişir. Orta nəsil, gənclər bunları etmir. Vaxtın azlığını bəhanə edirlər. Halbuki digər, lazımsız işlərə, məşğuliyyətlərə az vaxt ayırsalar, lazımlı işlərə zamanları qalar.
Ə.Qəşəmoğlu Naxçıvanı misal çəkərək orada təbii qidaların üstünlük təşkil etdiyini dedi:
- Naxçıvanda orqanik ərzaq məhsullarına üstünlük verilir. Balbas cins qoyun növü Naxçıvanın öz təsərrüfatlarında yetişdirilir, Naxçıvan göllərindən təbii balıq ovlanır, dağətəyi zonalarda tərəvəzlər yetişdirilir, Naxçıvan lavaşı, Naxçıvan duzu tanınır. Təbii qidalarla qidalanmaq insanları sağlam, gümrah saxlayır. Geni dəyişmiş qidaların nə faydası olacaq? Ona görə də, əhali arasında hansı yaş kateqoriyasının üstünlük təşkil etdiyinə dair iqtisadi-sosioloji-psixoloji tədqiqatlar aparılmalıdır. Bunsuz səbəbləri ortaya çıxarmaq mümkün olmayacaq.