Rusiya sülh və ədalət uğrunda müqəddəs müharibədə qalib gələcək. Bunu Şimali Koreya lideri Kim Çen İn Koreyanın azad olunmasının ildönümü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə göndərdiyi Teleqramda deyib. “Yoldaş Kim Çen İn qəti əminliyini ifadə edir ki, dözümlü rus xalqı yoldaş Putinin enerjili rəhbərliyi altında dövlətin suveren hüquqlarını və təhlükəsizlik maraqlarını qətiyyətlə müdafiə edəcək, bölgədə sülhə və beynəlxalq ədalətə nail olmaq üçün müqəddəs müharibədə mütləq qalib gələcək”, - Teleqramda bildirilib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Elmir Səftərov vurğulayıb ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə SSRİ əlaqələrinin inkişafı İkinci Dünya müharibəsi dövrünə gedib çıxır və uzun illər ərzində qarşılıqlı dəstək şəklində inkişaf edərək günümüzdə də öz aktuallığını saxlayır:
“1950-1953-cü illərdə Koreya müharibəsi zamanı Sovet İttifaqı KXDR-i fəal şəkildə dəstəklədi, sonrakı illərdə isə tərəflər arasında hərbi dəstəyi nəzərdə tutan müqavilə imzalandı. Həmin dövrdən genişlənən əməkdaşlıq yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərləri ilə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəldi. İki ölkə arasında münasibətlərin hüquqi əsası isə 1949-cu il martın 17-də imzalanan SSRİ ilə KXDR arasında iqtisadi və mədəni əməkdaşlıq haqqında müqavilə ilə qoyulub. Kollektiv Qərbin, həmçinin Yaponiyanın, Cənubi Koreyanın maraqlarına ziddi olan bu münasibətlər müxtəlif əməkdaşlıq platformalarının yaradılmasına bəhanə oldu. Buna görə də NATO Hind-Sakit okean regionundakı tərəfdaşları - Avstraliya, Yaponiya, Koreya Respublikası və Yeni Zelandiya ilə dialoqu və əməkdaşlığı gücləndirdi".
Ekspert qeyd edib ki, bugünkü mürəkkəb təhlükəsizlik mühitində həmfikir tərəfdaşlarla maraqları toqquşan Rusiya-Şimali Koreya tandemi Avro-Atlantik zonasında təhlükəsizliyə birbaşa təsir kimi qiymətləndirildi:
“Bundan əlavə, NATO və onun regiondakı tərəfdaşları ümumi dəyərləri və qaydalara əsaslanan beynəlxalq nizamı qorumaq üçün birgə işləmək məqsədini bölüşməyə başladılar. NATO-nun şərq qanadı adlandırılan region üzərindəki potensialını artırması, əsas rəqibi olan Rusiya ətrafında genişlənməsi, Avropada hücum və müdafiə sistemlərinin yerləşdirilməsi ciddi təhlükəsizlik probleminin yaranmasına və qütbləşməyə gətirib çıxardı. Bu da Rusiya və Şimali Koreya arasındakı münasibətləri daha da istiləşdirdi. ABŞ-ın təhdid olaraq gördüyü Şimali Koreyanın nüvə proqramın dayandırılması üçün etdiyi təzyiqlər, Yaponiyanın və Cənubi Koreyanın da bu təşəbbüsü dəstəkləməsi Moskva və Pxenyanı daha da yaxınlaşdırdı, bir-birinə siyasi, hərbi sahədə dəstək verməsini zərurətə çevirdi. Beləliklə, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra KXDR Moskvanın siyasətini dəstəklədi. Eyni zamanda Donetsk və Luqansk Xalq Respublikalarında, Zaporojye və Xerson vilayətlərində Rusiya Federasiyasına birləşmək üçün keçirilən referendumun nəticələrini tanıdı. O, BMT-nin Rusiyanın hərəkətlərini pisləyən qətnamələrinin əleyhinə səs verdi. 2024-cü il iyunun 19-da Rusiya və KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinin imzalanması da gələcək təzyiqlərin, hər hansı bir tərəfə qarşı açıq müharibə şəraitində birlikdə mübarizəni, təhlükəsizlik əlaqələrinin gücləndirilməsini özündə ehtiva edirdi”.