Ermənistanın beynəlxalq humanitar hüquq normalarına zidd, regionda sülhə təhdid xarakterli Azərbaycana qarşı hərbi təxribatları hələ də davam etməkdədir. Avqustun 16-sı saat 03:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutması Ermənistanın sülhə maraqlı olmadığının növbəti əyani sübutudur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Təxribatı “Sherg.az”a dəyərləndirən hərbi ekspert Ədalət Verdiyen söyləyib ki, Ermənistan Amerika Birləşmiş Ştatları və Avropa Birliyi ilə 5 apreldə “hərbi pakt” imzaladıqdan sonra Azərbaycana qarşı daha aqressiv davranış ortaya qoyub:
“Təxribatların miqyası və intensivliyi son aylar ərzində kifayət qədər artıb. ABŞ kontingentinin Zəngəzurda yerləşməsi, Vaşinqtonun İrəvana verdiyi hərbi dəstək və ABŞ-dan Ermənistan müdafiə nazirliyinə hərbi qulluqçuların müşavir kimi təyin olunması buna əsas səbəbdir. Ermənistan sülhdən danışsa da, hazırda savaş hazırlığındadır. Eyni zamanda kifayət qədər ciddi sayda hücum silahları əldə edib. Azərbaycana qarşı həm atəşkəsi pozur, həm də ərazilərimizə kvadrokopterlər göndərir. Bunların hamısı Ermənistanın artıq eskalasiya yaratmaq üçün əlindən gələni etdiyinin göstəricisidir. Sözügüdən fəaliyyətlərin qarşısını almaq üçün biz çox da dərindən düşünməməliyik. Yəni düşmən ilə anladığı dildə danışmalıyıq və atəş açılan nöqtələri darmadağın etməliyik. Həmin ərazilər bizim üçün strateji və ya operativ əhəmiyyət daşıyırsa, dərhal orada Azərbaycan əsgərini və bayrağını yerləşdirməliyik. Daha sonra delimitasiya və demarkasiya proseslərində dəqiqləşdirərik ki, həmin ərazilər Azərbaycanın tarixi torpaqlarıdır, yoxsa Ermənistana aiddir. Biz Ermənistana elə cavab qaytarmalıyıq ki, əks tərəfin atəş açdığı mövqeydə tozdan başqa heç nə qalmasın”.