"Pulun var gələrəm" düşüncəsi: Gənclərimiz sevgini niyə maddiyata dəyişib? -AÇIQLAMA

Nə bilərdik ki, bir vaxtlar məşhur musiqili komediya filmimizdə - “O olmasın, bu olsun”da maraqla baxıb güldüyümüz “Pulun var, gələrəm” səhnəsi illər sonra həyat səhnəmizə çevrilib əvvəlki qəhqəhəmizi acı gülüşlə əvəzləyəcək. Müasir dövrümüzün utandırıcı nuanslarından biri də əksər qızların pullu, evi, maşını, vəzifəsi olan oğlan axtarması, beləsini tapmazsa, ailə qurmaq fikrində olmamasıdır. Bəs haradan qaynaqlanir bu istək və arzular? Bunları gənclərin beyninə kim yükləyir? Onlar nəyə əsasən belə qənaətə gəlirlər?..

Sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirib ki,  bu gün qızların da, oğlanların da əksəriyyəti gözəl, insani xarakterdən çox, maddiyyata üstünlük verir:


“Çünki filankəs dəbdəbəli həyat yaşayır, mənim də olsun arzusu belələrini məhv edir. Bunun digər səbəbi isə sosial şəbəkələrdə bəzi gənclərin gözünü pərdələyən, başını gicəlləndirən videolardır. Onlar bu videolara baxdıqca  özləri üçün də belə bir həyat arzulayır. Lakin anlamaqda çətinlik çəkirlər ki, bütün bunlar hər kəsdə ola bilməz, İkincisi isə bunlar əsasən real həyat yox, insanlara "like” toplamaq üçün təqdim olunan dəbdəbəli tamşadır. Maddiyyata görə evlənməyə namizəd seçmək qəti şəkildə düzgün deyil. Ölkəmiz boşanmaların sayına görə rekord göstəricidədir. Bunun  səbəblərindən biri də bax, bu dəbdəbələr ilə gözləri qapanan gənclərdir. Bir-birinin xasiyyətinə bələd olmadan hansısa dünya malı, yaxşı, problemsiz yaşamaq üçün ailə quranlar, tez bir zamanda da ayrılmaq məcburiyyətində qalmalı olur. Buna görə də maddiyyata deyil, insanlığa, xasiyyətə, xarakterə üstünlük vermək lazımdır. “Dünya malı dünyada qalar”,- deyib ata-bablarımız. Bu, çox  dəyərli deyimdir. İnsan sevdiyi-seçdiyi, gözəl keyfiyyətləri, tərbiyəsi olan insanla bir ömrü paylaşmalıdır. Var-dövlətə aldanmaq özünü aldatmaq və həyatından vaz keçmək deməkdir. Əsas məsələ qarşılıqlı anlaşmadır. pulu sonra da əl-ələ verib qazanmaq olar. Bu sahədə gənclər arasında maarifləndirmə işləri çox az aparılır. Aidiyyatı qurumlar yaxşı olar ki, qəflət yuxusundan oyanıb boşanmaların səbəblərini aydınlaşdırsın. Belə olan halda gənclərin maariflənməyə nə qədər ehtiyacı olduğunu anlaya biləcəklər”.