Sosioloq: Psixi xəstə tabesizlik göstərsə belə, ona zorakılıq göstərilməsi qadağandır

Sosial şəbəkələrdə 1 saylı Maştağa Psixiatriya xəstəxanasında pasientin döyüldüyü ilə bağlı görüntülər yayılıb.
Publika.az xəbər verir ki, həmin kadrları lentə alan xəstə yaxını atasının sözügedən tibb müəssisəsində şiddət gördüyünü iddia edir.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib ki, həmin şəxsin müalicə olunduğu xüsusi təyinatlı tibb müəssisəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
Məsələ ilə bağlı tədqiqat araşdırmaları aparılır.
Maraqlıdır, Psixiatriya xəstəxanalarında niə nəzarət yoxdur?

Məsələni dəyərləndirən sosioloq Elçin Bayramlı "Sherg.az"a deyib ki, bu cür sosial müəsisələrdə nəzarət yox səviyyəsindədir:

''Başqa ölkələrdə müxtəlif  ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri, sosial platformalar davamlı olaraq həmin müəsisələri nəzarətdə saxlayırlar. Təbii ki, dövlətin də ciddi nəzarəti vacibdir. Çünki onlar həssas qruplardır və istədiyimiz an tabe olmurlar. Çox təəssüf ki, həmin müəsisələrə ciddi nəzarət olunmur. Belə hallarda isə bu cür hadisələrin baş verməsi normaldır. Biz ancaq belə vəziyyətlərin 100-də birini görürük. Bu da cəmiyyətə ictimailləşdirildikdən sonra məlum olur. İnternat məktəbində böyüyən, ruhi xəstəxanalarında müalicə alan və qocalar evində qalanlarla danışıqlar aparanda başlarına gətirilən dəhşətli hadisələrdən şoka düşürük. Onların nə şikayyət , nə də nəzarət etmə imkanları yoxdur. Özbaşınalığın qarşısını almaq üçün həmin müəsisələr ictimaiyyətə açıq olmalıdır ki, istənilən vaxt bura jurnalistlər, QHT-lər daxil ola bilsinlər. Onların kənar dünya ilə birbaşa əlaqələri təmin olunmalıdır. Məsələn, hansısa problemlə üzləşdikdə internet, telefon üzərindən kiməsə məlumat vermək imkanı yaradılmalıdır. Amma Azərbaycanda belə müəsisələr tam həbsxana rejimində fəaliyyət göstərir. Fürsətdən istifadə edən müəsisənin əməkdaşları, rəhbərlikləri onlara qarşı sərt davranırlar. Həmçinin, onların başqa hüquqları da pozulur. Məsələn, qidalanma hüquqları. Dövlətin ayırdığı vəsait və ləvəzimatlar həmin həssas qrupun nümayəndələrinə çatdırılmır. Çünki onların hüququnu müdafiə edəcək kimsə yoxdur''.

Ekspert qeyd edib  ki, bu kimi müəsisələrin hər bir yerində kameralar yerləşdirilməlidir:
''Ciddi cəza mexanizmləri təşkil olunmalıdır. Avropa ölkələrində xəstələrlə pis davrananlara qarşı sərt qanunlar var. Hətta, psixi xəstə tabesizlik göstərsə belə, ona zorakılıq tədbiq edilməsi qadağandır. Bizdə bir qədər cəzasızlıq mühiti formalaşıb. Yəni, xəstələrəvə yaxud internat uşaqlarına pis davranışına görə, kiminsə cəzalandığını müşahidə etməmişik. Belə olduqda isə bu kimi hadisələrin qarşısını almaq qeyri-mümkündür".