Makronun İrəvan səfərinin pərdəarxası -Politoloq gizlinləri açdı

Fransa Prezidenti Emmanuel Makron sentyabrın 21-də Ermənistana səfər edəcək. Bu barədə “Joxovurd” qəzeti məlumat yayıb. Fransa prezidentinin Ermənistanın Müstəqillik Günü münasibətilə İrəvana gələcəyi bildirilir. Hazırda hakim dairələrdə onun səfəri müzakirə olunur. Məlumata görə, E.Makron bu səfərlə İrəvanı dəstəklədiyini bir daha vurğulamaq istəyir. Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 2021-ci ildə Fransaya səfəri zamanı E.Makronu ölkəsinə səfərə dəvət edib. Lakin planlaşdırılan səfərin 3 il sonra baş tutacağı gözlənilir. 

Bu tip səfərlərin rəsmi olduğunu və öncədən planlaşdırıldığını söyləyən politoloq Turan Rzayev “Sherg.az”a bildirib ki, regionda baş verən son proseslər fonunda Emmanuel Makronun sadəcə Ermənistanın Müstəqillik Günü münasibətilə İrəvana gedib təbrik etməsini düşünmək sadəlövhlük olardı:

“Makron sözügedən səfərlə rəsmi Bakıya mesaj verir ki, mən İrəvanın yanındayam və regionda da mövcudam. Səfər zamanı iki ölkə arasında silah tədarükünün bundan sonra da davam etməsi müzakirə olunacaq. Eynilə Ermənistanın Avropa İttifaqına inteqrasiya prosesi çərçivəsində təmasların davam etdirilməsinə dair də məsələlər masaya yatırılacaq. Fransa maksimum dərəcədə Azərbaycan və Ermənistan arasındakı sülh prosesini bloklamağa, eyni zamanda regionda gərginliyi alovlandırmağa çalışır. Bunun əyani sübutu Ermənistanın silahlandırılması və stratejik silahların pulsuz ya da çox ucuz şəkildə İrəvana verilməsidir. Həmçinin, Fransa Ermənistan ordusunun kadr hazırlığı prosesində də dəstək göstərir. Bunların hamısı regionda eskalasiya risqini artırmağa hesablanıb”.