COP29-dan sonra bəhanə edib qiymətləri qaldıracaqlar - AÇIQLAMA

Əksinə, COP29-dan sonra bəhanə edib qiymətləri qaldıracaqlar, olmayan “ziyanlarını” tamamilə qarşılayacaqlar

  COP29-un keçirilməsiylə bağlı iş qrafikində dəyişiklik edəcək yalnız idarə və müəssisələr, dövlət qurumları, təhsil müəssisələri deyil. Şadlıq sarayları da COP29-a uyğunlaşmaq məcburiyyətindədir. İctimai iaşə obyektlərinin iş qrafikində dəyişikliklə bağlı rəsmi qərar olmasa da, sahibkarlar mövcud duruma uyğun davranmağı üstün tuturlar. Məlumatlara görə, şadlıq sarayları COP29 keçiriləcək günlərdə - noyabrın 8-dən 22-dək olan müddətə toy sifarişləri qəbul etməyib. Xüsusən Bakı Olimpiya Stadionu ətrafında, şəhərin mərkəzi hissələrində yerləşən şadlıq sarayları həmin günlərdə fəaliyyət göstərməyəcək. Sahibkarlar bilir ki, COP29-la bağlı şəhər nəqliyyatında zəruri şəkildə hərəkət məhdudiyyəti tətbiq ediləcək. Təbii ki, COP29 kimi mötəbər beynəlxalq tədbirin keçirildiyi günlərdə bütün vətəndaşların üzərinə böyük məsuliyyət düşür. İştirakçıların, qonaqların vaxtında, yubanmalara məruz qalmadan tədbirin keçirildiyi məkana yetişməsinin təmin edilməsi üçün yollarda, şəhərdə sıxlıq yaranmamalıdır. Toylarımız da “Allah saxlasın”, avtomobil kortejsiz keçinmir, gec saatlaradək “vur-çatlasın” davam edir. Toya, nişana gələnlər adi vaxtlarda da saatlarla tıxacda qalır. Bunu nəzərə alan şadlıq sarayı sahibləri doğru qərar verərək COP-29-un keçiriləcəyi günlərə toy, nişan sifarişləri qəbul etmirlər. Əvvəlcədən həmin ay və günlər üçün qəbul olunan toy sifarişlərinin vaxtı isə dəyişdirilir. Sahibkarlar bununla COP29 günlərində şəhərdə yarana biləcək sıxlığın qarşısının alınmasına dəstək vermiş olurlar. Şadlıq saraylarının fəaliyyətində indi də durğunluqdur. Məlumdur ki, məhərrəm ayı başa çatsa da, məhərrəmlik bitməyib. İmam Hüseyn (ə)ın qırx mərasimi avqustun 24-nə ( hicri-qəməri təqvimiylə səfər ayının 20-nə) təsadüf edir, çoxəsrlik ənənəyə görə, hətta 40 mərasimindən sonra 10 gün də - səfər ayı bitənədək şənliklərdən, toy mərasimlərinin keçirilməsindən çəkinilir. Bu gedişlə toyların aktiv fazası sentyabrın 3-dən sonra başlayacaq. Şadlıq sarayları Məhərrəm-Səfər aylarında və bir də Ramazan ayında toysuz qalır. Amma bu da məlumdur ki, müvəqqəti işsizlik sonradan qiymət artımı ilə müşayiət olunur, bu da sahibkarlara sərf edir.
Bu məntiqlə COP29-dan sonra da şadlıq saraylarında qiymət artımı gölzəniləndirmi, sabibkarlar COP29-da 2 həftəlik durğunluğu vətəndaşın cibindən çıxaracaqmı?
  İqtisadçı Xalid Kərimli “Sherg.az"a açıqlamasında qeyd etdi ki, müvəqqəti dayanmalar ümumi vəziyyətə az təsir edir:

"COP29 günlərində şadlıq saraylarının işləməməsi onlara əlbəttə, ziyan vuracaq. Satış gəlirlərinə təsir edəcək. Amma bu, müvəqqəti xarakter daşıyır. Cəmi 2 həftəlik dayanmadır. Pandemiya dövründə daha ağır vəziyyət idi. Toy-nişan mərasimlərinin keçirilməsinə, kütləvi toplaşmalara, restoran, kafelərin fəaliyyətinə aylarla qadağa qoyuldu, karantin rejiminin tələbləri nəzərə alınaraq. Lakin buna görə sahibkarlara kompensasiya ödənildi. İndi isə şadlıq evlərinin fəaliyyəti cəmi 2 həftəlik dayanacaq. Sifarişlərsə artıq indidən başqa zamana keçirilir. Yəni sifarişlərin sürüşdürülməsi baş verir. Sahibkarlar inididən bilir ki, sifariş götürmək mümkün deyil, işlərini buna görə tənzimləyirlər. Qiymət artımı isə olacaqsa, bu, sırf COP29-a görə baş verməyəcək. 2 həftəlik müddətdə şifarişlər olmadığına görə tələbat yüksələcək, bu da qiymət artımına təsir edəcək. Adi vaxtlarda müştərilərə güzəşt edilirdisə, sifarişlər artdığından, vaxt, yer məhdud olduğundan şadlıq sarayları güzəştə getməyəcəklər. Bunlar hamısı epizodikdir, 2 həftəlik təsirdir. Sırf COP29 bazarda qiymətləri artıran amil deyil. Qiymət artımına ümumi xərclərin artımı təsir edir. İstilik, elektrik, ərzaq xərcləri, xidmət xərcləri. Bir də ki rəqabət qiymət artımına dayanıqlı təsir göstərir. Sifarişlər çoxaldıqca şadlıq sarayları qiymətləri daha rahat qaldıra bilir. Artıq indidən sentyabr, oktyabr ayları üçün yerlər tutulub. Toy sifarişləri 3-4 ay əvvəldən edilir. Qiymətlər də şadlıq sarayına və menyuya görə dəyişir. 50-60 manatlıq menyular da var, 100-200 manatlıq da. Zatən ərzaq qiymətlərində ümumi artım baş verir, bu özünü şadlıq saraylarının qiymətində də göstərir. Hesab etmirəm ki, 2 həftəlik dayanmaya görə şadlıq sarayları ziyana düşəcək. Əksinə, COP29-dan sonra bəhanə edib qiymətləri qaldıracaqlar, olmayan “ziyanlarını” tamamilə qarşılayacaqlar".