Sumqayıt şəhərində mənzildə partlayış nəticəsində 66 yaşlı şəxs ölüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza "Sherg.az"a bildirib ki, əl qumbarası içi partlayıcı və ya kimyəvi maddələrlə doldurulan və partlama xüsusiyyəti daşıyan kiçik bir partlayıcı növüdür:
''Ona görə də çox risklidir. Təəssüf ki, ölkədə belə bir hadisə yaşanıb. Bu cür təhlükəli silah-sursatların nəinki evlərdə ümumiyyətlə, saxlanılması qadağandır. Ona görə də partlayıcı vasitələr anında təhvil verilərək zərərsizləşdirilməlidir. Digər tərəfdən əl qumbaralarının üzərindəki iynə çıxarıldıqdan sonra, saxlanılması təhlükəsizlik baxımından daha məqsədəuyğundur''.