Növbəti tədris ilinin başlamasına bir aydan da az vaxt qalıb.
Trend-in əməkdaşı məktəbli forması və məktəb ləvazimatlarının qiymətləri ilə maraqlanıb.
Paytaxtda məktəb ləvazimatlarının satışı ilə məşğul olan Orxan Hacıyev bildirib ki, ötən illə müqayisədə, qiymətlərdə çox da bahalaşma yoxdur:
"Məhsullar, əsasən, Türkiyədən, Çindən və Rusiyadan gətirilir. Çeşidlər boldur. Müəyyən məhsullarda cüzi qiymət artımı var. Bunun da səbəbi əsas daşınma xərclərinin artmasıdır. Hazırda alıcılar çox deyil. İnsanların çoxu istirahətdədir. Mağazalara axın, əsasən, ayın sonundan etibarən başlayır. Tədris ilinin başlanmasına bir həftə qalmış tələb artdığına görə bəzi ləvazimatların qiymətlərində 5-20 qəpik aralığında fərq ola bilər".
Hazırda sözügedən məhsulların qiymətləri aşağıdakı kimidir:
Çanta: 20-120 manat
Dəftər: 50 qəpik - 3 manat
Sadə karandaşlar: 20 qəpik - 1,80 manat
Rəsm albomları: 1-7 manat
Dəftər-kitab üzlükləri: 20-50 qəpik
Sadə qələmlər: 20 qəpik, daha keyfiyyətliləri 1 manata qədər
Rəngli karandaşlar: 2-8 manat
Pozan: 40-50 qəpik
Karandaşyonan: 20 qəpik - 1 manat 50 qəpik
Xətkeş: 40 qəpik - 2,50 manat
Plastilin: 1- 4,50 manat
Quaş: 1-4 manat
Fırça: 30-50 qəpik
Pərgar dəsti: 1 - 5 manat
Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov bildirib ki, məktəbli formalarının qiymətlərində 20 faiz ucuzlaşma olub.
"Məktəbli şalvarı və ətəklərinə 20 faiz endirim edilib. Bu ilə qədər şalvar və ətəklər 25 manat idi, bu ildən 20 manatdır. Köynəklərdə isə qiymət dəyişməyib. Çünki onlar 95 faiz pambıqdan istehsal olunur, o səbəbdən qiymətində dəyişiklik yoxdur. Ötənilki kimi 15 manatdır", - deyə o bildirib.
Mövzuya münasibət bildirən təhsil eksperti Elşən Qafarov “Sherg.az”a bildirib ki, hər tədris ili öncəsi valideynlərin əsas problemlərindən biridə yeni tədris ilinə hazırlıqla bağlı övladlarının tədris ili xərcləridir:
“2000-ci ildən dövlət ümumi təhsil məktəblərində dərsliklər dövlət tərəfindən təmin edilir. Ancaq istər məktəbli geyimi, istərsə də çanta və digər ləvazimatlar valideyn hesabına alınır. Hər tədris ilinin əvvəlində valideynlər bu xərclərlə bağlı narazılıq edirlər. Məsələ ondadır ki, biz bu kimi məsələlərdə planlaşdırmanı düzgün qura bilmirik. Valideyn bilir ki, övladı sentyabrdan dərsə gedəcək. Həmin xərclərin bəzi hissəsini iyun-iyul aylarına bölüşdürə bilər. Yəni dəftər, qələm və digər məktəb ləvazimatlarını iyun-iyul aylarında alarsa, avqustun sonuna isə yalnız məktəbli forması qalarsa, bu zaman valideynlərə və ailənin büdcəsinə çox yük düşməz. Təəssüflər olsun ki, valideynlər bir çox hallarda bütün vəsaitlərini yay məzuniyyətlərinə xərcləyərkən övladlarının növbəti tədris ilində tədrisə hazırlıqla bağlı məsələrini yalnız avqustun sonuna və ya sentyabrın əvvəlinə saxlayırlar. Bu isə qısa zamanda ailə büdcəsi üçün böyük bir rəqəmin yaranmasına səbəb olur. Nəticə etibarı ilə hər məhsulun bahalığından şikayət etməyə başlayırlar. Bu günkü bazar qiymətlərinə baxanda göstərilən qiymətlər elədə baha deyil”.