Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Reproduktiv sağlamlıq haqqında qanunun qəbulunu bundan artıq gecikdirməməliyik
“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbulunun gecikməsi bir sıra mühüm problemlərin həllinə daha tez nail olunmasını da ləngidir. Bununla bağlı mütəxəssislər də rəylərini bildirərək sözügedən qanunun qəbulunun vacibliyini önə çəkirlər. Milli Məclisdə bu məsələ dəfələrlə müzakirə edilib, mövzu ilə bağlı “dəyirmi masa”lar keçirilib. Qeyd edilib ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbulu Milli Məclisin qarşısında duran mühüm məsələlərdən biridir. BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəsinin Azərbaycanla bağlı tövsiyələrində də bu məsələ öz əksini tapıb. Sahə üzrə mütəxəssislər qeyd edir ki, nikaha xitam verilmənin əsas səbəblərindən biri də sonsuzluqdur. Lakin müasir dövrdə hər bir insanı valideyn edə bilən tibbi üsul (süni mayalanma) tətbiq olunur. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi də məhz bu tələblər çərçivəsində hazırlanıb. Lakin bu məsələnin həllində qarşıya ciddi problemlər çıxır, cəmiyyətdə, ziyalılar arasında da fikir ayrılıqları yaranır. Odur ki, qanun layihəsinin qəbulu ilə problemin hüquqi tənzimlənməsi vacib xarakter alır. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin əsas xüsusiyyəti bu problemin həllində ailə planlaşdırılmasının əlavə mexanizm kimi təsbit olunmasıdır.
Mövzu ilə bağlı Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının həkim mama-ginekoloqu Kəmalə Rüstəmova-Talışınskaya geniş açıqlama ilə çıxış edib. Səhiyyə Nazilriyinin saytında yerləşdirilmiş müsahibədə K.Rüstəmova-Talışinskaya reprodiktiv sağlamlıq haqqında məlumat verib:
- Reprodiktiv sağlamlıq reproduktiv sistem, cinsi sağlamlıq və ümumi rifahla bağlı mövzuların geniş spektrini əhatə edir. Bura təkcə orqanizmdə baş verən fiziki dəyişikliklər deyil, fərdlərin sosial və emosional halları da aiddir. Reproduktiv sağlamlıq anlayışı altında fərdlərə öz cinsi və reproduktiv həyatları haqqında seçimlər etməyə imkan verən məlumat və xidmətlər toplanıb. Bu xidmətlərə ailə planlanması, hamiləlik və doğuş, sonsuzluq, kontrasepsiya üsulları, menstruasiya, yetkinlik dövrü, cinsi yolla keçən infeksiyalar və s. aiddir. Reproduktiv sağlamlıq fərdlərin sağlamlıq imkanlarına çıxışı olmaqla yanaşı, eyni zamanda sağlam ailənin planlaşdırılması və yaradılması ilə həm də sağlam cəmiyyətin əsasının qoyulmasına verilən töhfədir. Ailə planlanması xidmətləri fərdlərə və cütlüklərə ailələrini öz istək və şəraitlərinə uyğun planlaşdırmaqla bağlı tövsiyələr verir. Bura ailədəki uşaqların sayı, hamiləliklər arası intervalın müəyyənləşməsi barədə öncədən qərar qəbulu, istifadə edilən kontrasepsiya üsulları, gözlənilməz hamiləliklərdən qorunma, gender bərabərliyi və s. daxildir.
Həkim qeyd edib ki, reproduktiv anatomiya, kontrasepsiya və cinsi yolla keçən infeksiyalar baradə məlumatlılıq cütlüklər arasında sağlam münasibətlərin və cəmiyyətdaxili açıqlıq, ünsiyyət və qarşılıqlı hörmət mədəniyyətini inkişaf etdirir:
- Cinsi yolla keçən xəstəliklər bir fərddən digər fərdə bakteriya, virus və ya parazitlər vasitəsilə ötürülür. Ən geniş yayılan növlərinə QİÇS/HİV, insan papiloma virusu, genital gerpes və digərləri aiddir. Bu tipli infeksiyaların erkən aşkarlanması və müalicəsinin təşviq edilməsi, uzunmüddətli sağlamlıq fəsadlarının qarşısını almağa və digər fərdə keçməsinə maneə olur, gələcəkdə sağlam hamiləlik dövrünün baş tutmasına yol açır.
Reproduktiv orqanlarda inkişaf edən xəstəliklərin ümumi səciyyəvi cəhətini izah edən həkim bildirib ki, reproduktiv orqanlarda olan xəstəliklər və anomaliyalar reproduktiv orqanlara və proseslərə təsir edən müxtəlif şərtləri əhatə edir:
- Onlara sonsuzluq, qeyri-müntəzəm menstruasiya, cinsi disfunksiya və s. aiddir. Reproduktiv anomaliyalar hormonal balansın pozulmasına, iltihablar, reproduktiv orqanlardakı struktur anormallıqlar, genetik meyillər və ya ətraf mühit faktorları kimi səbəblərdən yaranır. Bundan əlavə, pəhriz, məşq, stres səviyyələri və toksinlərə məruz qalma kimi müəyyən həyat tərzi faktorları reproduktiv pozğunluqların inkişafına təsir göstərə bilər. Ən çox rast gəlinən reproduktiv sistem xəstəliklərinə sonsuzluq, polikistoz, endometrioz, QİÇS/HİV və s. aiddir.
K.Rüstəmova-Talışinskaya müasir tibdə sonsuzluq əleyhinə müalicə metodları barədə danışıb:
- Qadın sonsuzluğu qadın reproduktiv sistemindəki problemlərdən, o cümlədən ovulyasiya anomaliyaları, uşaqlıq borusunun tıxanıqlığı, endometrioz və yumurta keyfiyyətinin yaşa bağlı olaraq azalmasından qaynaqlanır. Kişi sonsuzluğu isə sperm istehsalı, keyfiyyəti və ya çatdırılması ilə bağlı problemlərdən, o cümlədən sperma sayının az olması və ya zəif hərəkətliliyi, anormal sperma morfologiyası və reproduktiv sistemin tıxanması nəticəsində yaranır. Hər iki vəziyyət cütlüyün hamilə qalma qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə və hərtərəfli qiymətləndirmə və müalicə tələb edə bilər. Müasir tibdə cütlüklərə (fərdlərə) sonsuzluq problemlərinin öhdəsindən gəlməyə kömək etmək üçün bir neçə müalicə üsulu mövcuddur. Müalicə üsulunun seçimi sonsuzluğun əsas səbəbindən, müalicəni qəbul edəcək şəxslərin yaşından və digər amillərdən asılı olaraq dəyişir. Qeyd edək ki, dərman və digər tibbi prosedurlardan öncə həyat tərzi dəyişiklikləri (sağlam çəki, siqareti tərgitmək, spirt qəbulunun tənzimlənməsi və stresin idarə edilməsi) tövsiyə edilir. Müalicənin seçimi hər bir fərdin xüsusi vəziyyətinə uyğunlaşmalı və ən uyğun yanaşmanı müəyyən etmək üçün sahəvi tibb mütəxəssisi ilə məsləhətləşmə çox vacibdir. Bu hissədə verilən yanlış qərar və müdaxilə cütlüklərin reproduktiv sistemlərinə mənfi təsir edə bilər. Sonsuzluğun reproduktiv aspektindən başqa, onun fərdlərə emosional təsirini də vurğulamalıyıq. Bu dövrdə emosional sıxıntıdan əziyyət çəkən cütlüklər müxtəlif üsullarla depressiv vəziyyətlərdən qurtula və ümumi rifahı yaxşılaşdıra bilərlər. Təcrübəli psixoloqla məsləhətləşmə və ya terapiya seansları, meditasiya üsullarını tətbiq etmək bu yolda sınanan uğurlu vasitələrindəndir.
Həkim bildirib ki, yetkinlik dövründə fiziki, emosional və hormonal dəyişikliklərlə səciyyələnən inkişafın transformativ mərhələsidir. Hər iki cinsin nümayəndəsi üçün 10-19 yaş aralığını əhatə edir. Bu yaş arası qızlar üçün süd vəzilərinin böyüməsi, menstruasiya tsiklin başlanması, oğlanlarda isə səs tellərində dəyişiklik və bədənin müxtəlif nahiyələrində tüklərin artması kimi səciyyələnir. Bu dövrdə hormonal dalğalanmalar əhvali-ruhiyyə dəyişikliyinə və emosiyaların artmasına səbəb ola bilər. Yeniyetmələrə bu dövrdə baş verənləri uyğun izah etmək, ilkin reporduktiv müayinələrdən keçirilməsinin təmin edilməsi onlara bu dövrü inamla keçməsinə kömək edə bilər.
“Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbulunu vacib sayır, çünki qanunun hələ də qəbul edilməməsi reproduktiv sağlamlıq, ailə planlanmasında ciddi problemlərə yol açır:
- Bu qanunun qəbulu ilə biz nəyə nail ola bilərik? Selektiv abortların qarşısı alınar, cinsə görə edilən abortlarda azalma olar, ailə planlaşdırılması sahəsində irəliləyiş əldə edilər, fərdlərin – istər qadın, istərsə də kişi olsun – fərq etmir reproduktiv sağlamlıq haqqında bilikləri artar, vətəndaşlar sağlamlıqlarına daha ciddi yanaşar, dünyaya sağlam övladlar gətirər, sonsuzluğa görə ailələr dağılmaz, demoqrafik böhranın qarşısı alınar. Reproduktiv sağlamlıq fiziki, əqli və sosial rifahın seksuallıqla əlaqəli vəziyyətidir. Reproduktiv sağlamlıq həyatın bütün mərhələlərində reproduktiv proseslərə, funksiyalara və sistemlərə təsir göstərir, seksuallıq və cinsi əlaqələrə qarşı pozitiv münasibət, məcburiyyətdən, ayrı-seçkilik və şiddətdən azad, qaneedici təhlükəsiz bir cinsi həyat qurma qabiliyyətini nəzərdə tutur. Reproduktiv sağlamlığa nail olmaq və qorumaq, insana xas cinsi hüquqların həyata keçirilməsi ilə bağlıdır. Dünyada mövcud olan ağır xəstəliklər – HİV-QİÇS, cinsi orqanların xərçəngi, sonsuzluğa gətirib çıxaran bir sıra xəstəliklər, infeksiyalar fərdlərin sağlamlıq, şəxsi gigiyena, düzgün cinsi münasibətlər barədə məlumatsızlığından irəli gəlir. Ailələrdə cinsəl məlumatsızlıq səbəbindən ciddi problemlər yaşanır, boşanmalara bu faktor da təsir edir. Cəmiyyətimiz, gələcəyimiz üçün bu qanunun qəbulu vacibdir. Sağlam nəsil, sağlam gələcək istəyiriksə, reproduktiv sağlamlıq haqqında qanunun qəbulunu bundan artıq gecikdirməməliyik. Mütəmadi, hətta davamlı maarifləndirmə işləri aparılmalı, cəmiyyətə lazımi informasiyalar verilməlidir.