Rusiya Xankəndidə konsulluq aça bilər -Analitik

Zəngəzur dəhlizinin açılması ehtimalı fonunda ərazinin coğrafi əhəmiyyəti çox böyükdür

“Bütün hallarda Azərbaycan hökuməti bu təklifi götür-qoy edib son qərarını verəcək. Ancaq güman edirəm ki, əgər belə bir istək olsa, Azərbaycan da ona etiraz etməyəcək”


  Rusiyanın Xankəndidə konsulluq açmaq istəyi yenidən gündəm mövzusuna çevrilib. Dünəndən bu məsələ ciddi müzakirə edilir.
Qarabağda Rusiyanın baş konsulluğunun açıla biləcəyi müzakirə olunur. 
Bunu TASS agentliyinə müsahibəsində Azərbaycanın Rusiya Federasiyasındakı diplomatik fəaliyyətini başa vuran səfiri Polad Bülbüloğlu deyib.
  "Rusiya Federasiyası konsulluq açmaq istəyini bildirdi, çünki bizim Rusiyada iki əsas konsulluğumuz var: Yekaterinburq və Sankt-Peterburqda. Rusiyanın böyüklüyünü və ölkənizdəki azərbaycanlıların sayını nəzərə alsaq, bu, təbiidir. Burada isə Azərbaycandakı konsulluqların iş sahəsi daha məhduddur, lakin buna baxmayaraq, bu istiqamətdə işlər aparılır, bu məsələ müzakirə olunur", - Bülbüloğlu qeyd edib.
  Bir neçə həftə əvvəl Rusiya Federal Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Xankəndidə Rusiya Baş Konsulluğunun açılmasına hazırlıqların tezliklə başlaya biləcəyini bildirmişdi.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Bakıya iki günlük rəsmi səfəri çərçivəsində Rusiya liderinin Azərbaycan Prezidenti İlham Əliyevlə bu məsələni müzakirə edəcəyi istisna edilmir.
  Bəs, Rusiya Xankəndidə konsulluq açmaqla hansı məqsədi güdür?

 Bu barədə “Sherg.az”a açıqlama verən siyasi şərhçi Abutalıb Səmədov “Konsulluq əlaqələri haqqında Vyana Konvensiyası”na istinad edib. Onun sözlərinə görə, dövlətlər bir-birinin ərazisində konsulluğu adətən mühüm saydığı şəhərlərində,  yaşayış məntəqələrində açırlar: 

“Təbii ki, burada mühüm amillərdən biri də qarşı tərəfin razılığıdır. Yəni dövlətlər arasında konsulluq münasibətlərinin qurulması qarşılıqlı razılıq əsasında həyata keçirilir. İki dövlət arasında diplomatik əlaqələrin qurulmasına razılığın verilməsi, başqa bir şərt barədə razılıq olmadıqda, konsulluq əlaqələrinin qurulmasına razılıq deməkdir.
Rusiyanın bir neçə regionunda Azərbaycanın konsulluğu var. İndi də Rusiya Xankəndidə belə bir konsulluq açmaq istəyini bildirib. Bəzən elə düşünürlər ki, dövlətlər yalnız öz vətəndaşlarının yaşadıqları, kompakt məskunlaşdıqları ərazilərdə konsulluqlar açmalıdır. Baxın, bu yaxınlarda İran Ermənistanda öz konsulluğunu açdı. Halbuki Ermənistanda farslar yaşamır. Ona görə də  Rusiyanın konsulluq açmaq istəyini Xankəndidə rusların yaşamadığı ilə əlaqələndirmək yanlışdır. Konsulluqların əsas funksiyalarından biri dövlətlər arasında iqtisadi əlaqələrin qurulması və orada fəaliyyət göstərən şirkətlərə zəruri yardımların göstərilməsidir”.   
  
Siyasi şərhçinin sözlərinə görə, bütün hallarda Xankəndi Azərbaycanın çox əhəmiyyətli bir regionunda yerləşən mühüm şəhəridir:
"Rusiya Xankəndidə konsulluq açmaq istəyirsə, onun nə ermənilərlə, nə də başqa millətlərlə heç bir əlaqəsi ola bilməz. 2023-cü ildə həyata keçirilən  antiterror əməliyyatlarından sonra işğaldan azad olunan digər ərazilər kimi  Xankəndidə genişmiqyaslı bərpa-quruculuq işləri görülür. Rusiyaya məxsus şirkətlər də quruculuq işlərində iştirak edirlər.  Üstəlik də region kifayət qədər  böyük və mühüm  əhəmiyyətə sahib bir bölgədir. Bu səbəbdən ola bilər ki, Rusiya orada konsulluğunun olmasını istəsin. Zəngəzur dəhlizinin açılması ehtimalı fonunda ərazinin coğrafi əhəmiyyəti çox böyükdür.  Ona görə də regionun əhəmiyyəti günü-gündən artır. Zəngəzur dəhlizinin açılması, həmin bölgənin yüksək səviyyədə inkişafı, gələcəkdə Ermənistanla əlaqələrin normallaşması belə bir ideyanın ortaya gəlməsinə səbəb ola bilər. Ancaq bütün hallarda Azərbaycan hökuməti bu təklifi götür-qoy edib son qərarını verəcək. Ancaq güman edirəm ki, əgər belə bir istək olsa, Azərbaycan da ona etiraz etməyəcək”.
  
A.Səmədov istisna etmir ki, ölkəmizdə səfərdə olan  Rusiya Prezidenti Putinlə danışıqlar zamanı ötəri olaraq Xankəndidə baş konsulluq açmaq istəyinə toxunula bilər. Lakin politoloq bu məsələnin  dövlət başçıları səviyyəsində xüsusi müzakirə olunacaq qədər  mühüm bir mövzu olmadığını deyib:
 “Çox güman ki, bu istiqamətdə diplomatlar səviyyəsində müzakirələr aparılır. Əgər Azərbaycanın maraqlarına uyğun  olsa, aidiyyəti qurumlar buna razılıq verəcək. Rusiyanın Xankəndidə baş konsulluq  açmasında heç bir təhlükə görmürəm”.