NASA böyük uğursuzluq yaşayır

Bu gedişlə kosmonavtların geri dönüşü 2025-ci ilədək çəkə bilər


  “Boeing” tərəfindən istehsal olunmuş “Starliner” kosmik gəmisində NASA-nın 2 kosmonavtı çarəsiz vəziyyətdə qalaraq geri dönə bilmir. Kosmonavtlar iyunun 5-i kosmik gəmi ilə sınaq uçuşu keçirib. Kosmik gəmi Florida ştatından kosmosa buraxılıb. Kosmonavtların kosmosda 1 həftə qalması planlaşdırılıb. Lakin texniki nasazlıq səbəbindən kosmonavtlar çətin vəziyyətə düşüb.  Və artıq 3-cü aydır ki,  kosmosdadırlar. NASA kosmonavtların təcili surətdə, tezliklə geri dönüş etmələri üçün çalışır, amma hələ ki bir nəticə hasil olmayıb. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən qeyd edir ki, NASA müxtəlif variantları gözdən keçirir. Variantlardan biri, amerikalı kosmonavtların  Rusiyanın “Soyuz” kapsulu ilə geri dönə bilməsidir. Lakin ABŞ-də hesab edirlər ki, hazırkı siyasi vəziyyətdə - Rusiya ilə münasibətlərin gərgin olduğu bir vaxtda bunu etmək doğru deyil. Yəni kosmonavtlar lap 1 il qoy kosmosda qalsın, təki Rusiyanın iştirakı ilə xilas gerçəkləşməsin. Digər bir yol, SpaceX-in “Dragon” kapsulu ilə kosmonavtların geri gətirilməsidir. Lakin “Dragon” kapsulu cəmi 4 nəfərlikdir. Bu kapsul “Crew8” vəzifəsini daşıyır və Beynəlxalq Kosmos Stansiyasındadır. Orada 4 kosmonavt çalışır. 4 nəfərlik kapsula 6 nəfər sıxışa bilərmi və bu uçuş təhlükəsiz ola bilərmi? NASA hazırda bunun üzərində işləyir. Bu gedişlə kosmonavtların geri dönüşü 2025-ci ilədək çəkə bilər. Bu isə NASA üçün böyük uğursuzluq deməkdir.