Hava limanında qayçı yoxa çıxıb, 36 reys ləğv edilib

Yaponiyanın Hokkaydo əyalətindəki New Chitose hava limanında bir mağazada qayçının itməsi hava yollarının hərəkətini iflic edib.
Sherg.az xəbər verir ki, hava limanı rəhbərliyindən əldə edilən məlumata görə, ötən şənbə günü işçilər minmə qapıları yaxınlığındakı mağazada 2 qayçının əskik olduğunu görüb təhlükəsizlik bölmələrinə məlumat veriblər. 



Səlahiyyətlilər 2 saat təhlükəsizlik yoxlamalarını dayandıraraq qayçı axtarmağa başlayıblar, lakin qayçı tapa bilməyəndə yüzlərlə sərnişini yenidən təhlükəsizlik yoxlamasından keçiriblər.

Gecikmə səbəbindən hava limanında uzun sərnişin növbələri yaranıb, 36 reys ləğv edilib, 201 reysin gecikdiyi açıqlanıb. Qeyd olunub ki, qayçı ertəsi gün həmin mağazadan tapılıb.


Hadisədən sonra hava limanı rəhbərliyinə tədbirləri artırmaq barədə xəbərdarlıq edən Yaponiya Nəqliyyat Nazirliyi, "Bu hadisənin mağazada saxlama və idarəetmə sistemlərinin olmamasından qaynaqlandığını qəbul edirik" deyə məlumat yayıb.

Açıqlamada, hadisənin təkrarlanması halında təhlükəsizlik pozuntusuna səbəb ola biləcəyi ifadə edilərək, “Aeroport rəhbərliyinin məlumatlılığının artırılması üçün tədbirlər görəcəyik” ifadəsi işlədilib.