Ukrayna Seym çayı ətrafındakı halqanı bağlamağa yaxındır. Halqanın içərisində 3000-ə qədər rus əsgəri qalıb. Bunu “Bild” nəşrinin analitikin Yulian Röpke deyib. Onun sözlərinə görə, avqustun 16-da Ukrayna hərbçiləri Kursk vilayətinin Qluşkovski rayonunun şimalında Seym çayı üzərindən körpüləri partlatmağa başlayıb: “Bu, Rusiya hərbçilərinin önünü kəsə bilər, çünki ərazi qərbdən və cənubdan Ukrayna ərazisi ilə əhatə olunub. Rusiya cavab olaraq ponton keçidləri və hava körpüsü təşkil edir və şərqdə qalan keçidi müdafiə edir. Bir gün əvvəl Ukrayna Silahlı Qüvvələri Snaqost və Apanasovka kəndlərini ələ keçirib. Onların Seym çayına və mühasirəni bağlamasına 5 km qalıb”. Röpke Ukrayna mənbələrinə istinadla yazır ki, mühasirədə 2-3 minə yaxın rus hərbçisi qalıb: “Halqanın cənub və qərbində Rusiya ilə Ukrayna arasında dövlət sərhədi müdafiə üçün hazırlanır. Amma Ukrayna Silahlı Qüvvələri şərqdən hücuma keçərsə, rusların müdafiəsi çətin olacaq. Bundan əlavə, qərbdə ukraynalılar artıq sərhədi keçərək Rusiya ərazisinin Seym çayına qədər 15 kvadratmetrlik kiçik bir hissəsini nəzarətə götürüblər. Orada Otruba xutoru da var. Rusların indi sadə seçimi qalıb: ya döyüşməli və ərazini müdafiə etməli, ya da geri çəkilməlidirlər. Göründüyü qədər, hər iki seçim faciəvidir. Amma səmimi demək lazımdır ki, bu döyüş həlledici deyil. Çünki biz Ukraynanın nə qədər qüvvəsinin qaldığını da bilmirik”.
Mövzu ilə bağlı “Sherg.az”a danışan “Report" İA-nın əməkdaşı, siyasi şərhçi Kənan Novruzov söyləyib ki, Ukraynanın Kurska girməsindən sonra savaş Rusiya ərazisinə keçib:
“Bu isə Amerika Birləşmiş Ştatlarının dəstəyi sayəsində oldu. Sözügedən məsələ Amerikanın F16 qırıcı təyyarələrinin tədarükü prosesinə təsadüf etdi. Şübhəsiz ki, Ukraynanın Kurska girməsində və təşəbbüsü ələ almasında tədarük olunan F16-ların xüsusi rolu oldu. Eyni zamanda prosesin ABŞ-dəki prezident seçkiləri ərəfəsində olmasını da təsadüfi deyil. Uzun müddətdir ki, F16-ların tədarükü ilə bağlı müzakirələr gedirdi və indi verilməsinin isə bəzi səbəbləri var. Çünki buna ABŞ-nin hazırda ehtiyacı var. Həmçinin bununla demokratlar Ukraynaya göstərməyə çalışırlar ki, rəsmi Kiyev və Avropanın təhlükəsizliyi onların əlindədir. Yəni demokratlar qazansa, Ukraynaya dəstəklər davam edəcək. Əgər respubilikaçılar qalib gələrsə, Ukraynanı darda qoyacaqlar. Belə olan halda Avropanın təhlükəsizliyə də zərbə altına düşür. Mövcud vəziyyəti Vlodimir Zelenski də başa düşür. Ona görə də prezident seçkilərinə qədər Ukrayna və Rusiya arasındakı temp belə qalacaq. Rəsmi Kiyev isə sözügedən durumdan istifadə etməli və təşəbbüsü ələ almalıdır. Çünki seçkilərdən sonra vəziyyət Ukraynanın əleyhinə dəyişə bilər. Gələcək zamanda Rusiya və Ukrayna arasında ərazi mübadiləsinin olma ehtimalı var. Ona görə də Ukrayna Kurskda çalışdığı qədər çox ərazi tutmağı bacarmalıdır”.