Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Zaqatala, Bakı-Gəncə, Bakı-Şəmkir və Bakı-Mingəçevir şəhərlərarası avtobus marşrutları ilə bağlı elan etdiyi müsabiqəyə yekun vurub.
Sherg.az bu barədə AYNA-ya istinadən xəbər verir.
Məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunub. “Bakı-Zaqatala-Bakı” və “Bakı-Mingəçevir-Bakı” marşrutları üzrə hüquqi şəxs “BakuBus” MMC, “Bakı-Gəncə-Bakı” marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC, “Bakı-Şəmkir-Bakı” marşrutu üzrə fiziki şəxs Qurbanov Bilal Xeyrəddin oğlu ən çox bal toplayaraq qalib elan olunublar.
Şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsidir.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a bildirib ki, “BakuBus”un bölgələrə sərnişin daşıması şirkətin artıq resursunu genişləndirdiyindən xəbər verir:
“ “BakuBus” Bakının ictimai nəqliyyatı ilə yanaşı şəhərlərarası daşınma ilə də məşğul olur. Bu şirkət üçün sevindirici və müsbət haldır. Həmçinin alternativ yeni şirkətlərn yaranması sərnişinlər üçün də yaxşıdır. Ümumiyyətlə bu ilin statistikasına nəzər salsaq şəhərlərarası daşınmada sərnişinlər daha çox avtomobil nəqliyyatından istifadə ediklərini görərik. Digər tərfdən bu qiymətlərə təsir edə bilməz. Çünki qiymətlər avtobus şirkətləri və yaxudda özəl daşıyıcı şirkətlər tərəfindən yox, dövlət tərəfindən təyin edilir”.
Nəqliyyat eksperti İlqar Hüseynli isə qeyd edib ki, digər şəhərətrafına və rayonlara sərnişindaşıma xidmətini həyata keçirən şirkətlər necə işləyirsə, “BakuBus”da eyni xidməti yerinə yetirə bilər:
“Məsələn, Bakı-Qazax istiqamətində sərnişin daşıyan avtobuslar kimi, iritutumlu, komfortlu və modern xidmətləri yerinə yetirə biləcək. Eyni zamanda “BakuBus” sərnişinlərə çay, kofe, su və yüngül səhər yeməyinin verilməsini də öz xidmət sektoruna daxil edə bilər. Azərbaycanın quru sərhədləri açıldıqdan sonra “BakuBus”-un Bakıdan Türkiyəyə və digər istiqamətlərə sərnişin daşıma xidmətini həyata keçirməsi də mümkündür. Xidmət zamanı hansı üstünlüklərin olacağını isə istifadə etdikdən sonra biləcəyik. Ancaq düşünürəm ki, xidmətin yaxşı olması üçün müəyyən addımlar atılacaq. Gedişhaqqına gəldikdə isə, əvvəldən bölgələrə görə təyin edilmiş qiymətlər çərçivəsində hərəkət ediləcəyini zənn edirəm”.