İşğal olunmuş ərazilərdə yüz minə yaxın minanın olacağı ehtimal edilsə də, Vətən müharibəsindən sonra bu rəqəmin milyon yarımdan çox olduğu aydınlaşdı. Bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib. O qeyd edib ki, ən böyük monitorinqlər may ayında delimitasiya prosesində Azərbaycana qaytarılan dörd kənddə aparılıb: “ Həmin ərazilər də kütləvi şəkildə minalanıb. Hətta minatəmizləyənlərimiz erməni postlarının cəmi 5-10 metrliyində axtarışlar aparıblar. Proses zamanı həmin dörd kənddə təəssüf ki, mina partlayışları baş verib”.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun (ADİHİ) rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov “Sherg.az”a söyləyib ki, minaların basdırılması məsələsi Azərbaycanın qarşısında duran ən böyük problemlərdən biridir:
“30 illik işğal dönəmində ermənilər nəinki həmin torpaqlardan istifadə etməyiblər, eyni zamanda bütün ərazilərdə hər daşın altında minalar qoyublar. Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra həmin ərazilərdə axtarış-qazıntı işləri zamanı bu minalar bir daha ortaya çıxıb. Əvvəlcə həmin ərazilərdə 100-dən çox minanın olduğunu düşünürdük. Amma hazırda görürük ki, minaların sayı 1000000-dən çoxdur. Ermənistan işğal dönəmində bütün imkanlarını sözügedən ərazilərdə mina basdırmağa sərf edib. Son 4 il ərzində Azərbaycan həm həmin torpaqların minalardan təmizlənməsi, həm də dağıdılan evlərin yerinə yenidən yaşayış məntəqələri, şəhərlər, məscidlər tikməklə yanaşı, eyni zamanda məcburi köçkünlərin öz yurdlarına qayıtması ilə də məşğul olub. Bu addımlar isə çox mürəkkəb proseslərdir və paralel olaraq həyata keçirilir. Təbii ki, Azərbaycan bərpa və yenidən qurma işlərinin daha sürətlə həyata keçirmək istəyərdi. Amma qarşımuzda duran ən böyük problem minaların basdırılmasıdır ki, onların təmizlənməsinə uzun illər vaxt sərf olunacaq. Bəlkə də yüzminlərlə minaların həmin torpaqlardan çıxarılması üçün 30-40 il vaxt lazım olacaq”.
Ekspert vurğulayıb ki, təəssüf ki, minaya görə son 4-5 il ərzində partlayışlar nəticəsində mülki və hərbi vətəndaşlarımız həlak olublar, yaralanıblar:
“Beynəlxalq təşkilatlar, xüsusilə də Avropa və Qərb institutları bu məsələdə ikili standartlar tətbiq edirlər və görməzdən gəlirlər. Mina terroru nəticəsində azərbaycanlı jurnalistlər həlak olsa da, media və insan haqları təşkilatları susqunluq nümayiş etdirdilər. İstənilən halda mina terroru Azərbaycanın qarşısında duran prioritet məsələlərdən biridir. İnsanların daha rahat yaşaması üçün bütün ərazilər minadan təmizlənməlidir. Ermənilərin ikiüzlü və iyrəncliyi həm də ondan ibarətdir ki, 44 günlük müharibədən sonra belə Xankəndidə və digər ərazilərdə minalar basdırıblar. Qazaxın geri qaytarılan 4 kəndində belə minaların basdırılması erməni xislətindən xəbər verir. Yəni ermənilər müharibədən hələ də dərs çıxartmayıblar. Onların köklərində Azərbaycana qarşı düşmənçilik mövcuddur. Ermənilərin geri qaytarılmayan digər 4 kəndə də mina basdırdıqları ehtimal oluna bilər”.