"Səba" Açıq Səhmdar Cəmiyyəti istehsalı və satışı dayandırıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub. Şirkətdən cavab olaraq istehsalın və satışın dayandırılması faktı təsdiqlənib. Qeyd edilib ki, istehsal və satış avqustun 1-dən etibarən dayandırılıb və şirkətin özünə məxsus satış məntəqələri bağlanıb. Qərarın səbəbi açıqlanmayıb və hazırda şirkətin işçilərinin taleyi ilə bağlı məsələnin də sual altında olduğu vurğulanıb.
"Bəzi əməkdaşlar artıq şirkətdən ayrılıb, digərləri isə özlərinə yeni iş axtarışındadırlar", - məlumatda qeyd edilib.
Qeyd edək ki, ölkə üzrə marketlərdə bir müddətdir "Səba"nın məhsullarına rast gəlinmir. Xatırladaq ki, ASC-nin digər broyler şirkətlərindən biri tərəfindən alındığı iddia olunur. 1997-ci ildə dövlət qeydiyyatına alınan "Səba" ASC-nin nizamnamə kapitalı 4,8 milyon manata yaxındır.
Məsələni dəyərləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında bildirdi ki, hazırda "Səba" Açıq səhmdar Cəmiyyətinin bağlanması ilə bağlı heç bir məlumat yoxdur:
''Yəni, şirkətin dövlət orqanlarının təziqi və yaxud özlərinin fəaliyyətində əksikliyindən dolayı bağlanması ilə əlaqədar bilgi yoxdur. Yaxşı olardı ki, bu barədə cəmiyyətə geniş məlumat verilsin. Şübhəsiz, "Səba" şirkəti toyuq məhsulları bazarında əhəmiyyətli paya malik idi. Bu amil bazarda toyuq məhsullarının bahalaşmasına səbəb olacaq. Təbii ki, bu hallarda istehlakçı qiymət artımından əziyyət çəkir. Əgər şirkət dövlət orqanlarının təziqi altında müəyyən problem yaranaraq bağlanıbsa, adiyyatı qurumlar rəsmi məlumatlar verməlidirlər. Bazarda böyük paya malik olan "Səba" şirkətinin əhaliyə informasiya verməsi daha məqsədəuyğundur".