Azərbaycanla Rusiyanın niyyətləri üst-üstə düşür

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
 
 Hər iki ölkə ortaq layihələr üzərində eyni mövqedən çıxış edirlər
 
 
 Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşan Azərbaycan dövləti müxtəlif beynəlxalq aktorlar arasında daim orta xətti qoruyub. Azərbaycanın Qərb, Rusiya və İranla münasibətlərində bizim milli maraqlarımızın nəzərə alınması daim ən ali məqsəd olub. Ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib.  Rusiya Prezidenti Vladimir Putinin Bakı səfəri də məhz  Azərbaycanın xarici siyasətinin çoxistiqamətli olması, qonşu dövlətlərlə münasibətlərdə etibarlılıq, qarşılıqlı faydalı əməkdaşlığa xidmət edən münasibətlər qurmasının təzahürüdür. Hazırkı qlobal geosiyasi təlatümlər fonunda iki ölkə arasında əlaqələrin sabit məcrada inkişaf etməsi hər iki tərəf üçün faydalıdır.
 Rusiya Prezidentinin Azərbaycana səfəri bir daha nümayiş etdirdi ki, iki ölkə arasında münasibətlər mehriban qonşuluq-dostluq, müttəfiqlik, qarşılıqlı fəaliyyət prinsiplərinə uyğun olaraq inkişaf etməkdədir. Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunub.
 Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Vladimir Putinlə olduqca səmimi və olduqca mehriban görüşməsi, bir daha bütün dünyaya əyani olaraq göstərdi ki, Azərbaycanın dostluğu və müttəfiqliyi güclü və ya zəif olmasından asılı olmayaraq səmimi müttəfiqlikdir.
Qeyd edək ki, Rusiya regionun böyük ölkələrindən biridir, Azərbaycanla tarixən sıx iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrə malikdir. Rusiya dünyanın aparıcı dövlətləri sırasına daxildir, BMT TŞ-nin 5 daimi üzvündən biridir və çoxqütblü dünya nizamında öz yerini qoruyub saxlayır.
 Azərbaycan-Rusiya əlaqələri dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulub və inkişaf edir.
 Prezident İlham Əliyevin daxili, xarici və beynəlxalq münasibətlər fonunda fəaliyyəti, onda öz xalqı tərəfindən sevilən, etibarlı, effektiv və ölkəsini qalib edən bir lider imicinin formalasması Vladimir Putinin də diqqətini çəkib. Buna görə hər kəs kimi o da Azərbaycan Prezidenti İlham Əliyevə şəxsi inamını formalaşdırıb. Buna görə də Rusiya-Azərbaycan münasibətləri bu fonda dinamik inkişaf edəcək. Azərbaycan lideri bu münasibətləri Türkiyə və Orta Asiya ölkələri ilə, eləcə də Şərqi Avropa ölkələrinin liderləri ilə də qurub. Bu, zərgər dəqiqliyi ilə aparılan balanslaşdırılmış siyasətdir. Bir tərəfdə NATO ölkələri, digər tərəfdən bu ölkələrə düşmən olan Rusiya ilə dostluq münasibəti Azərbaycanın tarixində ən mükəmməl siyasi uğurdur. Onu da deyək ki, Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində bu əlaqələr daha da inkişaf edib.
 Hər iki dövlət arasındakı siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Xüsusilə ölkələrimiz arasında yüksəksəviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib.
Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb.
Humanitar əlaqələr də Azərbaycan-Rusiya əməkdaşlığında mühüm yer tutur. Hazırda Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilində aparılır. Bu, onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətlərin qorunmasında, dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən dostluq əlaqələrinin güclənməsində və inkişafında mühüm əsaslardan birini təşkil edir.
 
Azərbaycan-Rusiya münasibətlərini şərh edən Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycan lideri MDB məkanında ən çətin bölgədə yerləşməyimizə baxmayaraq, Rusiya ilə münasibətlərdə müstəqilliyini qoruyan, dövlət və milli maraqları tam olaraq həyata keçirməyi bacaran yeganə lider oldu:

 "Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Təbii ki, yaranmış mövcud reallıqlar bizə qonşu olan dövlətlərin Azərbaycana yanaşmasında yeni baxış bucaqları və davranışlar sistemini tələb edirdi ki, Moskvanın Bakıya yanaşmasında bunu son zamanlar xüsusilə görməkdəyik. 19-20 sentyabr 2023 hadisələri, BMT TŞ-də 2022 və 2023-də baş verənlər aysberqin görünən hissələri idi.  Azərbaycanın bölgədə yeni reallıq yaratması və Qafqazın real siyasi mərkəzinə çevrilməsi fonunda Ermənistanda baş verənlər regionla bağlı yuxarıda qeyd edildiyi kimi Rusiya hökumətinin  baxış bucağında korrektələrlə müşahidə olunurdu. Burada, xüsusilə onun üzərində dayanmaq lazımdır ki, şimal qonşumuzun xarici siyasət davranışı birbaşa olaraq, həm də Ukrayna,  əslində isə ABŞ və bəzi Qərb dairələri ilə ziddiyyətlərin həlli nəticəsindən və liderlik kürsüsündə kimin olmasından asılıdır. İndiki vəziyyətdə son 4 il ərzində Qafqazda cərəyan edən hadisələr hər kəsə məlumdur. 4 kəndin qaytarılması, delimitasiya-demarkasiya, Zəngəzur dəhlizi, sülh müqaviləsi kimi Azərbaycan və Ermənistan arasındakı mövzular, sözsüz ki, Moskvanın diqqət mərkəzindədir”.  
 
Politoloq deyib ki, son dönəmlərdə Azərbaycan-Rusiya-İran münasibətlərində yeni bir ab-hava formalaşıb. Ona görə də məsələ ilə bağlı çox ciddi müzakirələr, araşdırmalar edilir. Bu işdə Azərbaycan və Rusiya maraqlıdır:
 “Rusiya Azərbaycanın paylaşdırıcı, həm də ötürücü şəbəkəsindən istifadəni diqqətdə saxlayır. Azərbaycanla Rusiyanın niyyəti üst-üstə düşür. Ortaq layihələr üzərində eyni mövqedən çıxış edirlər”.