Çəhrayı ev görənləri heyran edir

75 yaşlı Sakinə  məzarının da çəhrayı rəngdə olmasını vəsiyyət edib  

  Türkiyənin İsparta bölgəsinin Sav qəsəbəsində çəhrayı rəngə boyanmış, bütün ev əşyaları, bağçası da çəhrayı rəngdə olan ev dünyanın dörd bir yanından gələnləri heyran edir. Evin xanımı 75 yaşlı Sakinə Akkul, hər tərəfini çəhrayı rəngə boyadığı eviylə məşhurdur. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Sakinə Akkul uşaq yaşlarından çəhrayı rəngi sevdiyini deyərək öz evini də çəhrayı rəngə boyayıb. “Bu rəngi çox sevirəm. Uşaq vaxtımdan sevirəm, elə o zamandan deyirdim ki, evim olarsa, onu başdan-başa çəhrayı rəngə boyayacam. İmkanım olsa, oğlumu, qızımı da çəhrayıya boyayaram, onlara çəhrayı “gözlərlə” baxaram” söyləyən Sakinə Akkul evinin çöl qapısından içəri qapıyadək hər yeri, mənzildəki bütün bəzək əşyalarını, mətbəx əşyalarını da çəhrayı rəngə boyayıb. Uşaq vaxtı valideynlərindən də çəhrayı rəngdə oyuncaqlar almalarını istəyib. “4-5 yaşım vardı, anamdan çəhrayı parça istəyib, gəlinciklərə paltar tikmişəm. Başqa rəngdə parçalar verərdi anam, qəbul etməzdim. Atama da, bayramlarda “mənə çəhrayı don al, başqa rəngdə olsa geyinməyəcəm”, deyərdim. Boyamağı çox sevirəm. Bu evi öz əllərimlə boyadım. Əlimə nə keçir, hamısını çəhrayı rəngə boyayıram. Oğlum mənə, ana, xəstəsən, bu işdən əl çək, yorulursan, deyir, amma mən işləməsəm, boyamasam, rahatlıq tapmıram. Boyamaq, əksinə, mənə ruh yüksəkliyi verir, əhvalım yaxşılaşır”, deyən Sakinə Akkul evini boyamağa 9 il öncə başlayıb. Bu ev nəinki İspartada, bütün Türkiyədə, hətta qonşu ölkərərdə də məşhurlaşıb. Dünyanın dörd bir yanından İspartaya gələnlər mütləq çəhrayı evi də görmək istəyir, buranı ziyarət edirlər. Sakinə Akul “buranı görən təəccüb edir, heyrət edir. Niyə evi çəhrayı rəngə boyadığımı soruşurlar. Mən də içimdən gəldiyini deyirəm. Çox vaxt boya almağa imkanım olmur. İmkanım olsa, bütün qəsəbəni çəhrayı rəngə boyayaram. Uşaqlarıma tapşırmışam, vəsiyyət etmişəm, mən öldükdə, məzarımı çəhrayı rəngə boyasınlar”, deyib. 
Məlahət