Analitik: Rusiya məğlub olsa belə Qərb koalisiyası Kremli təzminat ödəməyə məcbur etməyəcək

“Rusiya müharibə nəticəsində Ukraynaya vurduğu bütün xərcləri qarşılamalıdır”.
 Bunu Polşa Prezidenti Andjey Duda deyib. Onun sözlərinə görə, Polşa İkinci Dünya müharibəsi zamanı böyük maddi və mülki itkilərlə üzləşib, amma onların heç biri kompensasiya edilməyib: “İstəmirik ki, Ukrayna da bizim kimi şəxsi hesabına özünü bərpa etsin. Kiyevin dəstəyə ehtiyacı olacaq, amma hər şeydən öncə dəyən zərərə görə kompensasiya tələb edəcək. Bu da ilk növbədə aqressonun, yəni Rusiyanın öhdəliyidir”. 

AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “Sherg.az”a söyləyib ki, müharibə bitsə belə, Ukrayna on illərlə dağıdılmış ərazilərini bərpa etməklə məşğul olacaq:

“Avropa isə maddi məsələdə onun yanında olmayacaq. Bir sözlə müharibə bitəcək, hər kəs öz missiyasını başa vurmuş sayılacaq və olan Ukraynaya olacaq. Polşa prezidentinin dediklərində həqiqətlər çoxdur. Amma bir məsələni tarixə ekskrusiya edib çatdırmaq lazımdır. Polşanı Almaniya dağıtdı və sonra da məğlub tərəf Almaniya oldu. Almaniya uzun illər yəhudilərin fonunda təzminat da ödədi. Amma qalib ölkələr Polşaya dəyən ziyanla bağlı məğlub Almaniyanı təzminat ödəməyə məcbur edə bilmədilər. İndi də elə olacaq. Bu nə qədər müşkül görünsə də, Rusiya məğlub olsa belə, qalib Qərb koalisiyası Kremli təzminat ödəməyə məcbur etməyəcək. Yəni Ukrayna kompensasiya tələb etsə belə nəticəsi olmayacaq. Ermənistanın Azərbaycana vurduğu ziyana görə təzminat ödənilibmi? Amerika başda olmaqla Qərb ölkələri işğalçını buna məcbur ediblərmi? İndi də Ukraynanın fonunda eyni hal baş verəcək. Polşa rəhbərinin dediklərində həqiqətlər kifayət qədərdir. Amma bunun reallaşması üçün gərək məcburetmə də olsun ki, Rusiya kimi nəhəngi buna çətin məcbur edə bilərlər. Bu savaşda iştirak edən tərəflər itirdilər, amma rəsmi Kiyevin itkisi qat-qat çoxdur”.

Ekspert qeyd edib ki, bu müharibə hələ bir müddət də davam edəcək:
“Ukraynanın itkiləri durmadan artacaq. Çünki savaş onun ərazisində gedir. Bir də unutmayaq ki, Rusiya tam şəkildə məğlub olmayacaq, bunu heç Amerika da, digər Avropa ölkələri də istəmir. Onun üçün Ukraynaya Rusiyanın təzminat ödəməsi bir sözlə mümkünsüz görünür”.