Monqolustanda Putinə qarşı hansısa həbs qərarının çıxarılması indiki vəziyyətdə absurddur  -ANALİTİK

Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinə qarşı orderi icra etmək cəhdlərindən ehtiyatlı olmalıdır.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib. “Bu yarımçıq qalmış “məhkəmə”nin hakim və prokurorlarının yerinə olsaydım, ən böyük qorxum o olardı ki, dəlilərdən biri onların qanunsuz əmrini icra etməyə cəhd etsin. Bu halda onların həyatı bu kağız parçasından baha olmayacaq”, - o bildirib. 

Qeyd edək ki, bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin Monqolustana rəsmi səfərə gedib.
Bildirilir ki, Putinin səfəri sentyabrın 3-dək davam edəcək.
Səfər proqramına həm Yaponiya üzərində qələbənin ildönümü ilə bağlı şənliklərdə iştirak, həm də Monqolustan Prezidenti Uxnaqiyn Xurelsuxa ilə görüş daxildir.
Qeyd edək ki, bu, Putinin Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini imzalamış ölkəyə ilk səfəridir.
Xatırladaq ki, 2023-cü ilin martında BCM Putinin həbsinə order verib. Bu sənədə əsasən Putin Monqolustana səfəri zamanı həbs edilməlidir. 

Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a vurğulayıb ki, Vladimir Putinin birmənalı olaraq Monqolustana səfəri zamanı həbs olunması mümkün deyil:

“Putin hansısa Avropa ölkəsinə getməyib ki, həmin dövlətlər özlərində güc tapıb onu həbs etsinlər. Monqolustanın rəsmi olaraq sadəcə Çin və Rusiya ilə sərhəddi mövcuddur. Yəni sabah Monqolustan bu iki dövlətdən hansıylasa münaqişəyə cəlb olunanda Qərbin ona dəstək vermək şansı olmayacaq. Monqolustan tərəfi də sözügedən məsələni gözəl anlayır və ona münaqişə lazım deyil. Eyni zamanda Monqolustana Rusiya və Çinlə münasibətlərini yaxşı saxlamaqla öz müstəqilliyini qorumaq lazımdır. Beləliklə Monqolustanda Putinə qarşı hansısa həbs qərarının çıxarılması indiki vəziyyətdə absurddur. Çünki Rusiya və Monqolustan arasında dövlətlərarası münasibətlər yaxşı səviyyədədir. Hətta, ortaq layihələrin müzakirəsi üçün Vladimir Putin Monqolustana səfər edirsə, ona qarşı təhlükə mümkünsüzdür. Monqolustan Rusiya kimi böyük dövləti qarşısına almaqla de-fakto və de-yure müharibəyə qatılmış olar. Bu isə Monqolustanın müstəqilliyini sual altında qoya biləcək ciddi təhlükədən xəbər verir”.