Ukraynanın Rusiya ilə müharibə fonunda gözlənilmədən daha bir müttəfiqi peyda olub. Belə ki, İrəvanın Ukraynaya sovet tipli silahlar verməyə başlaması haqda bir neçə mənbədən xəbər gəlib. Rusiyanın “Fighterbomber” Teleqram kanalı məlumat yayıb ki, Ermənistan bütün hava hücumundan müdafiə sistemlərini Ukraynaya verib. Teleqram kanalında yayılan məlumata görə ermənilər hər şeyə görə Rusiyaya necə təşəkkür etmək barədə uzun müddət fikirləşdilər. Və hava hücumundan müdafiə vasitələrinin demək olar ki, hamısını ukraynalılara verdilər. Bu isə S-300, “Buk”, Osa” və “Tor” sistemləridir.
Hərbi ekspert Elxan Şıxəliyev “Sherg.az”a söyləyib ki, Ermənistan Rusiya istehsalı olan silahlarının Ukraynaya ötürməsini nə qədər gizli saxlasa da, sözügedən məsələ informasiya cəbhəsinə sızdırılmaqdadır:
"Ermənistanın Ukrayna və Rusiya müharibəsi fonunda rəsmi Kiyevi dəstəkləməsinin bir neçə səbəbi mövcuddur. Birincisi Ermənistan açıq şəkildə Rusiyanın qarşı cəbhəsində olduğunu göstərməyə çalışır. Digər tərəfdən 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsindən sonra Ermənistan Rusiya ilə münasibətlərinin kəskinləşməsinə görə düşünür ki, arsenalında olan Rusiya hərbi-texniki avadanlıqlar rəsmi İrəvanı təmin etməyəcək. Ona görə də əllərində olan Rusiyaya aid silahları Ukraynaya ötürməklə yerini digər ölkələrin silahları ilə doldurmağa çalışırlar. Azərbaycanın 44 günlük müharibə və lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistanın silah təchizatına zərbə vurub. Həmin boşluğu isə Rusiya vasitəsilə təmin edə bilmirlər. Ümumiyyətlə bazanda olan silahlar hansı dövlətdəndirsə, onun döyüş komplektləri və istifadəyə yararlılıq müddəti bitdikdə yenidən silahları eyni ölkə təmin etməlidir. Ermənistanda bilir ki, Ukrayna müharibəsi çərçivəsində Rusiyanın özünün silah-sursata ehtiyacı var. Yəni Rusiya döyüş komplektlərini verməyəcəyinə görə Ermənistan əlində olan silahları istifadə edə bilməyəcək. Ona görə də həmin silahlardan canlarını qurtarmaq üçün Ukraynaya satırlar. Yəni bu Ukrayna sevgisi yox, erməni hiyləgərliyidir. Rusiya isə sözügedən məsələyə biganə qalmayacaq. Rusiyanın 2020-ci ilə qədər Ermənistanın təhlükəsizliyini təmin etməsindən, Birinci Qarabağ Müharibəsində onlara dəstək verməsindən sonra rəsmi İrəvanın Moskvanı satmasının bədəli mütləq olacaq".