İsrail MN: "HƏMAS artıq hərbi qüvvə kimi mövcud deyil"

İsrailin müdafiə naziri Yoav Qallant HƏMAS, Fələstin radikal qruplaşmasının artıq hərbi qüvvə kimi mövcud olmadığını bəyan edib.

Bu barədə Oxu.Az "Times of Israel"ə istinadən xəbər verir.

Nazirin sözlərinə görə, 11 aydan çox davam edən şiddətli döyüşlərdən sonra İsrail HƏMAS-ın hərbi potensialını ciddi şəkildə sarsıtmağa müvəffəq olub.

"HƏMAS hərbi birləşmə olaraq artıq mövcud deyil. Biz terrorçulara qarşı mübarizə aparmağa və onların rəhbərliyini təqib etməyə davam etdiyimiz müddətdə təşkilat artıq partizan müharibəsi taktikasına keçib", - deyə Qallant vurğulayıb.

O, həmçinin beynəlxalq ictimaiyyəti HƏMAS-a təzyiqləri azaltmamağa və İsrailin atəşkəsə nail olmaq səylərini dəstəkləməyə çağırıb.

"Bizə ən azı altı həftə ərzində hərbi əməliyyatların dayandırılmasını və HƏMAS tərəfindən saxlanılan girovların geri qaytarılmasını təmin edəcək razılaşma lazımdır", - deyə nazir bildirib.