Polşa prezidenti Andjey Duda bildirib ki, Qərb Rusiyanın Ukraynadakı atom elektrik stansiyalarına mümkün hücumları təhlükəsini nəzərə almalıdır. Əgər bu baş verərsə, dərhal müdaxilə etmək lazım gələcək. O, həmçinin xatırladıb ki, Ukraynaya qarşı müharibə zamanı Rusiya artıq Zaporojye AES-ə və Çernobıl Atom Elektrik Stansiyasının ərazisinə hücum edib. Lakin xoşbəxtlikdən nüvə fəlakəti baş verməyib.
Həmçinin vurğulayıb ki, Qalan elektrik stansiyalarına - Rivne və ya Xmelnitskiyə hücum təhlükəsi var və biz bunu nəzərə almalıyıq, əgər hücumlar olarsa, dərhal müdaxilə etməliyik.
Tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a söyləyib ki, Polşa prezidentinin sözügedən açıqlaması Rusiyaya çox böyük “kart-blanş” verir:
“Yəni Rusiya atom elektrik stansiyasına hücumun ukraynalılar tərəfindən təşkil edildiyi kimi qələmə verərək Polşanı müharibəyə təşviq edə bilər. Polşa tərəfi də atom elektrik stansiyasına hücumun Ukrayna tərəfindən edildiyini düşünərək Ukrayna müharibəsində bitərəf mövqe tuta bilər. Həmçinin Ukrayna tərəfi də atom eklektrik stansiyasında təxribat həyata keçirib rəsmi Moskvanı günahlandıraraq Polşanı müharibəyə cəlb edə bilər. Çünki savaş meydanında mərminin kim tərəfindən atıldığı məlum deyil. Xatırlayırsınızsa İkinci Dünya müharibəsində də Polşanın işğalıyla Adolf Hitlerin əli-qolu açıldı və Sovet İttifaqıyla birbaşa müharibəyə girdi. İndi də II Dünya savaşı təkrarlanmaq üzrədir. Hazırda Vladimir Putin də Hitlerin yolunu gedir. Ümumiyyətlə Rusiyanın belə bir planı olmasa da, Dudanın açıqlamasından istifadə edərək Polşanı savaşa cəlb etmək üçün bunu öz taktikasına əlavə edə bilər. Bir sözlə Polşa prezidenti bu açıqlamasıyla öz ölkəsini müharibəyə sürəkləyir”.