Rusiya-Ukrayna savaşı: Müharibənin yeni mərhələsi başlayır

Ruslar cəbhənin mühüm sahələrində irəliləyir, Ukrayna isə müdafiə olunur
 
 
 "Ruslar cəbhənin mühüm sahələrində irəliləyişlər əldə ediblər. Müharibə böyük şəhərlərə yaxınlaşa bilər". Bu barədə Ukrayna Silahlı Qüvvələrinin 3-cü Hücum Briqadasının komandir müavini Maksim Jorin deyib. O bildirib ki, hər kəs rusların şərqdə irəliləməsi ilə bağlı xəbərlərə öyrəşib. Amma onlar artıq Pokrovska, o cümlədən yüz minlərlə insanın yaşadığı başqa şəhərlərə çatıblar: "Müharibənin dinamikası indi çox yüksəkdir və ruslar tempi artırır. Amma rotasiya və normal əvəzetmə olmadığı üçün Ukrayna bölmələri tükənib. Ukrayna cəmiyyəti oyanmalıdır. Mən heç kimi qorxutmaq istəmirəm, amma hazırda yaxşı vəziyyətdə deyilik. Bütün bunları aradan qaldırmaq üçün gözləmək və xəyal etmək deyil, hərəkət etmək lazımdır. Və çox vacib olan, kiminsə bizim üçün yaradacağı ani qələbə və sülh haqqında nağıllara inanmağı dayandırmaqdır”.

 Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Rusiya Qərbə meydan oxuyur. Ekspert vurğulayıb ki, Qərb Ukraynaya nüvə silahı verərsə, Prezident Volodimir Zelenskinin də  nüvə silahından istifadə edəcəyini elan etməsi mümkündür: 

"Necə ki, Rusiya Prezidenti Vladimir Putin ölkəsinin nüvə doktrinasında dəyişikliklər edərək, adı silahlarla hücum olarsa, nüvə silahı işlədə biləcəyini bəyan edib. Rusiya Ukraynanın digər ərazilərə hücum etməsindən çəkinir. Həmçinin Qərbin verdiyi silahlarla Rusiyanın dərinliklərinə zərbə endirilməsindən ehtiyatlanır. Çünki bu, Rusiya daxilində ciddi narazılıga və etirazlara gətiririb çıxara bilər. Əslində, Putinin nüvə qərarı Rusiyanın adi silahlarla döyüşə bilmədiyini və ordusunun Ukrayna qarşısında zəiflədiyini göstərir".

 Analitikə görə, Rusiya Ukrayna qoşunlarına nüvə silahı tətbiq edə bilməz:
 "Vaşinqtonun Ukraynaya verdiyi silahlarla Rusiya ərazisinə zərbə endirməsinə icazə verəcəyi ehtimalı var. Putin nüvə təhdidi ilə Qərbi şantaj və təhdid edir. Qərb liderləri Putinin nüvə şantajından çəkinərsə, Ukrayna və Şərqi Avropa Moskvanın nəzarətinə keçə bilər. Görünən odur ki, Rusiya-Ukrayna müharibəsində yeni bir mərhələ başlayır".