İsrail baş naziri “mübarək” və “lənətlənən” müsəlman ölkələrinin xəritəsini göstərib
Xəbər verdiyimiz kimi, İsrailin Beyruta raket zərbələri nəticəsində Hizbullah lideri Həsən Nəsrullah başda olmaqla, təşkilatın rəhbərliyində təmsil olunan 20-dən çox şəxs öldürülüb. Artıq Hizbullaha Haşim Səfiəddin rəhbərlik edir. İsrail ordusunun Livana daxil olduğu haqda məlumatlar və görüntülər də yayılıb. Livan ordusu sərhəddən 5 km geri çəkilib. Ağ Evdən isə İsrailin Livanın cənubunda məhdud əməliyyat keçirdiyi haqda ABŞ-ni məlumatlandırdığı açıqlanıb. Hücumun ardından İsrail Baş naziri Benyamin Netanyahu İran xalqına videomüraciət ünvanlayıb. Netanyahu deyib ki, İsrailin əlinin çatmadığı yer yoxdur: "Mən İranın liderləri haqqında çox danışmışam. Amma bu həlledici məqamda mən birbaşa sizə, İran xalqına müraciət etmək istəyirəm. Heç bir vasitəçi olmadan. Orta Şərqdə İsrailin əlinin çatmadığı bir yer yoxdur. Xalqımızı və ölkəmizi qorumaq üçün getməyəcəyimiz bir yer yoxdur. Hər keçən an rejim sizi, nəcib fars xalqını uçuruma daha da yaxınlaşdırır. Amma siz sadə bir şeyi bilirsiniz. İranın zülmkarları sizin gələcəyinizlə maraqlanmır. İran nəhayət azad olacaq və bu an insanların düşündüyündən çox daha tez gələcək, hər şey fərqli olacaq. Bizim iki qədim xalqımız, yəhudi xalqı və fars xalqı nəhayət sülh içində olacaq. Bizim iki ölkəmiz, İsrail və İran, sülh içində yaşayacaq”.
İsrailin hücumu: Tanınmış aparıcı həlak oldu
Suriyanın populyar teleaparıcısı Safaa Əhməd İsrail Müdafiə Ordusu (SAXAL) tərəfindən Dəməşq ərazisinə endirilən zərbə nəticəsində həyatını itirib. Bildirilib ki, faciə Suriya paytaxtının cənub-qərbində baş verib. İlkin məlumatlara görə, hücumun hədəfi İran səfirliyi olub. Hava hücumu nəticəsində həlak olanların dəqiq sayı hələ açıqlanmır, lakin zərbənin bir neçə nəfərin həyatına son qoyduğu məlumdur. Qeyd edək ki, Dəməşqə hücum İsrailin Livandakı hərbi əməliyyatının başlanması ilə eyni vaxta təsadüf edib.
Müdafiə nazirləri anlaşdı - “İran hücum eləsə...”
ABŞ müdafiə naziri Lloyd Ostin İsrail ordusu Livanda quru əməliyyatına başladıqdan sonra israilli həmkarı Yoav Qalantla danışıb. Pentaqon rəhbəri ABŞ-nin İsrailin özünümüdafiə hüququnu dəstəklədiyini deyib: “Livan “Hizbullah”ının İsrailin şimal ərazilərinə oktyabrın 7-nə bənzər hücumlar həyata keçirə bilməməsini təmin etmək üçün sərhəd boyunca hücum infrastrukturunun sökülməsi zərurətində razılaşdıq". ABŞ müdafiə naziri həmçinin qeyd edib ki, mülki əhalinin sərhədin hər iki tərəfindəki evlərinə təhlükəsiz şəkildə qayıtması üçün diplomatik həllə ehtiyac var. Bundan əlavə, Ostin söyləyib ki, Birləşmiş Ştatlar İran və onun dəstəklədiyi terror təşkilatlarının təhdidləri qarşısında Amerika personalı, tərəfdaşları və müttəfiqlərini qorumaq üçün hər cür imkana malikdir və hər hansı tərəfin gərginlikdən sui-istifadə etməsi və ya münaqişəni qızışdırmasına mane olmaq əzmindədir. Həmçinin Pentaqonun rəhbəri İsrailə birbaşa hərbi hücum etmək qərarına gəlsə, İran üçün ciddi nəticələrin olacağı barədə xəbərdarlıq edib.
Gərginlik açıq müharibə həddinə çatdı – İran sakitcə geri çəkilir
“Sky News” yazıb ki, Yaxın Şərq bir ilə yaxındır irimiqyaslı müharibə astanasındadır, amma indi ən təhlükəli məqamdır: "İsrailin Qəzza, Yəmən və Livana hücumları uzun müddətdir davam edən çəkindirmə strategiyasının pozulduğunu göstərir. Mənbə xatırladır ki, İran bölgədəki müttəfiqlərinə İsrailin hücumuna “güclü cavab” verəcəyini vəd etsə də, Tehranın əzəli düşməninin gücünü səhv qiymətləndirdiyi bəlli olur. İsraillə üz-üzə qalan İran rejimi nüvə obyektlərinin Təl-Əvivin siyahısında növbəti hədəf olub-olmayacağı şübhəsi içindədir. Portal qeyd edir ki, əvvəllər İsraili birbaşa İrana hücumdan çəkindirən qaydalar “Hizbullah” liderinin öldürülməsindən, Qəzzada HƏMAS-ın böyük ölçüdə məhv edilməsindən və Yəməndəki Husi hədəflərinə irimiqyaslı hava hücumlarından sonra pozulub. İranın ən qiymətli sığortası hesab edilən “Hizbullah”a sarsıdıcı zərbə vuran İsrail ordusu artıq Livana müdaxilə edib.
Hadisələrin sürəti və intensivliyi bundan sonra nə olacağını təxmin etməyi qeyri-mümkün edir. Bununla belə, İran üçün prioritet çəkindirmə qabiliyyətini bərpa etmək olacaq, amma bəlkə də, daha gecdir. İsrailin addımları Tehranın “müqavimət oxu”nun - İran tərəfindən maliyyələşdirilən, təchiz edilən və təlimləndirilən və maraqlarına xidmət edən silahlı qruplaşmaların kifayət qədər güclü qüvvəyə çevrildiyi regionda qüvvələr balansında əsaslı dəyişikliyə nail olmağa yönəlib.
Britaniyalı analitik Metyu Savil deyib ki, İran İsraillə açıq müharibəyə getməmək üçün planlarını tənzimləmək üzrə bir “xarakter”ə malikdir: “Görünən budur ki, İran İsrailin yaratdığı şok və təhlükə səviyyəsini nəzərə alaraq, 7 oktyabrdan sonra nə dərəcədə riskə getməyə hazır olub-olmadığı barədə səhv qiymətləndirmə aparıb. “Müqavimət oxu” adlandırılan şey İrana hücumların qarşısını almaq üçün nəzərdə tutulub. Amma İran çətin ki, tərəfdaşlarının maraqları naminə birbaşa müharibəyə başlamağa risk etsin”.
"İstənilən hərbi müdaxilə vəziyyəti kəskin şəkildə pisləşdirəcək" - Borrel
Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib ki, Avropa Birliyinə üzv ölkələr BMT Təhlükəsizlik Şurasının Livandakı vəziyyətlə əlaqədar iclasının təcili çağırılmasını tələb edirlər: "Üzv ölkələr də BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır və biz atəşkəsə nail olmaq üçün bütün diplomatik səyləri göstərəcəyik". Borrellin sözlərinə görə, xarici işlər nazirləri Livandakı vəziyyətdən həddindən artıq narahat olduqlarını bildiriblər və hər hansı müdaxilənin vəziyyəti kökündən pisləşdirəcəyini vurğulayıblar: “İstənilən hərbi müdaxilə vəziyyəti kəskin şəkildə pisləşdirəcək və bunun qarşısını almaq lazımdır”.
İsrailin quru əməliyyatı dəstəkləndi
Knessetin deputatı Moşe Solomon quru əməliyyatına başlayan təhlükəsizlik qüvvələrini dəstəkləyib: "Livanın cənubunda İsrailin nəzarəti olmadan və Hizbullah məhv edilmədən biz insanlarımızın öz evlərinə qayıtmasına ümid edə bilmərik". İsrailin keçmiş baş naziri, deputat Naftali Bennett də İsrail ordusuna dəstəyini ifadə edib: “Son bir ildə Hizbullah terrorçuları 12-si uşaq olmaqla, onlarla israillini öldürdülər, futbol meydançalarımıza, kənd və kibutzlarımıza minlərlə raket atdılar və bizi məcbur etdilər ki, əhalimizi ölkənin şimalından təxliyə edək. Amma daha bəsdir. Livan sərhədini keçən hər bir ÇAXAL əsgəri bilir ki, bunu İsrail vətəndaşlarının müdafiəsi üçün edir. Allah əsgərlərimizi qorusun. Bütün millət arxanızdadır”.
"İsrailin gələcəyə yönəlik planları var"
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Sherg.az"a deyib ki, İsrailin Baş naziri Benyamin Netanyahu bir neçə gün əvvəl BMT Baş Assambleyasında çıxışı zamanı “mübarək” və “lənətlənən” müsəlman ölkələrinin xəritəsini göstərib. Netanyahunun sözlərinə görə, Səudiyyə Ərəbistanı, Sudan, Misir, İordaniya və BƏƏ “mübarək”, İran və onun müttəfiqləri İraq, Suriya, Livan və Yəmən isə “lənətlənib”. Ekspertin sözlərinə görə, Netanyahunun təqdim etdiyi xəritəyə diqqətlə baxsaq, coğrafiyanın gələcəyi bizi də maraqlandıracaq:
"Hər zaman olduğu kimi, bu gün də beynəlxalq nəqliyyat uğrunda mübarizə gedir. Burada maraqlı nüanslar var. Ola bilsin, İsrailin Yaxın Şərqdə əsas məqsədlərindən biri Ben-Qurion kanalının yaradılması ilə bağlı çoxdankı planın həyata keçirilməsidir. Bəzi ekspertlərin fikrincə, yuxarıda qeyd olunan marşrut Süveyş kanalı ilə rəqabət apararaq Misir, İran və Yaxın Şərqin bəzi ölkələrini vurmaqla yanaşı, Çin üçün də təhlükəyə çevriləcək. İsrail bu planın bir hissəsi olaraq Süveyş kanalından yan keçərək qlobal ticarət və enerji logistika mərkəzinə çevrilməyə çalışır. ABŞ və İsrailin planlarına görə, Hayfa limanı malların Aralıq dənizində əsas daşınma məntəqəsinə çevrilməlidir. Ben-Qurion kanalının tikintisi ideyası hələ 1855-ci ildə Britaniya kontr-admiralı Uilyam Allen “Ölü dəniz - Hindistana yeni yol” adlı layihə təklif edəndə yaranıb. Ona elə gəlirdi ki, o, üç dənizi - Qırmızı, Ölü və Aralıq dənizini birləşdirsə, bu, 1869-cu ildə artıq planlaşdırılan və işə salınan Süveyş kanalının tikintisindən daha ucuz başa gələcək. 1956-cı ildə Misir Prezidenti Camal Abdel Nasser Süveyş kanalını milliləşdirəndə və Qərbi super gəlirlərdən məhrum edəndə bu fikir qızğın müzakirə olundu. 1963-cü ildə Ernest Livermor Milli Laboratoriyası ABŞ administrasiyasına Süveyş kanalına alternativ kanal qazmağı tövsiyə etdi. Bu epik Amerika planı yalnız 31 il sonra, 1994-cü ildə ictimaiyyətə məlum oldu".
"Husilər, Hizbullah və İranın digər vəkil qrupları da təmizlənməlidir"
Z.Məmmədov bəyan edib ki, tikinti mərhələsində və xüsusən belə mühüm infrastruktur obyektlərinin istismarı zamanı mütləq təhlükəsizlik tələb olunur ki, indiki reallıqlarda buna heç kim zəmanət verə bilməz: "Husilərin necə raket atdığını və Fars körfəzindən Qırmızı dənizə üzən İsrail ticarət gəmilərinə pilotsuz təyyarələrlə hücum etdiyini xatırlamaq kifayətdir. İsrail üçün HƏMAS-ın Qəzza zolağında olması bu layihənin qarşısını almaq deməkdir. Qəzza zolağı “təmizlənməlidir”. Husilər, Hizbullah və İranın digər vəkil qrupları da yox olmalıdır. Demirəm ki, bu gün Yaxın Şərqdə baş verənlərin hamısı və İsrailin hərəkətləri yalnız yeni layihə ilə bağlıdır. Ancaq bir şey göz qabağındadır. Tezliklə regionun bütün siyasi, iqtisadi, nəqliyyat və kommunikasiya konfiqurasiyası dəyişəcək".