Politoloq: Paşinyan separatçı ünsürləri QHT-yə çevirmək istəyir

Hakimiyyət nəhayət məsələni bağlamaq üçün Samvel Babayanı özünə tərəf çəkir
 
 
 Ermənistanın “Hraparak” qəzeti yazıb ki, Baş nazir Nikol Paşinyan hökuməti “Qarabağ məsələsi”ni bağlamaq üçün hazırlıq görür. Nəşrin məlumatına görə, İrəvan nəhayət məsələni bağlamaq üçün keçmiş separatçı rejimin “təhlükəsizlik şurasının katibi” Samvel Babayanı yenidən prosesə cəlb edir. Bir neçə həftə əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan ləğv edilmiş qondarma qurumun İrəvandakı “təmsilçiliyinə” yenidən baxmağın zəruriliyini açıqlamışdı. Erməni nəşri bu açıqlamanı təsadüfi saymır və iddia edir ki, İrəvan binanı separatçıların əlindən almağa çalışır. Dünən Babayanın tərəfdarları ilə sözügedən binanın önündə etiraz aksiyası keçirib. Etirazçıların gündəmində “Qarabağ ermənilərinin sosial problemləri” olub. Onlar yeni strukturun (QHT) yaradılmasını, Babayanın da ora rəhbər təyin olunmasını təklif edirlər. “Hraparak” yazır ki, İrəvanın məqsədi ləğv edilmiş qondarma qurumun fəaliyyətinə birdəfəlik son qoymaq, onu heç bir iddiası olmayan QHT-yə çevirməkdir.

 Politoloq Əli Oruclu "Sherg.az”a açıqlamasında deyib ki, Ermənistan tərəfi nə istədiyini heç özü də dəqiq müəyyənləşdirə bilməyib. Analitik vurğulayıb ki, İrəvanın məqsədi Azərbaycanla tələm-tələsik 14 bəndlik sülh sazişini imzalamaq, ciddi beynəlxalq dəstək və təminat almaqdır:

 "Təsadüfi deyil ki, bu ölkənin Konstitusiya Məhkəməsi Azərbaycanın tələb etdiyi sülhə əngəl olan məsələlərin hüquqi qüvvəsi olmadığını bəyan etdi. Söhbət Ermənistan tərəfindən ilhaq edilmiş  keçmiş "Dağlıq Qarabağ" Muxtar Vilayəti haqqında preambulada əks olunmuş bənddən gedir. Lakin bu, həll yolu sayılmaz. Konstitusiyaya dair düzəlişlər Ermənistan ana qanununa görə də referendumla həyata keçirilməlidir. Paşinyan iqtidarı isə referenduma getməyi ona görə istəmir ki, ictimaiyyətin indiki rəyi bunun əleyhinədir. Separatçıların fəaliyyəti və mövcudluğu Paşinyanın planlarının əleyhinədir və hakimiyyətinə qarşı müqavimətin tərkib hissəsidir. Baş nazirin ilk növbədə bu təhlükəni tam aradan qaldırmaq istəyi buradan qaynaqlanır".

 Ə.Oruclu əlavə edib ki, separatçı ünsürlər xarici faktorların ciddi diktəsi altında olduğundan verilən təlimatlara uyğun işləyirlər:
 "Ötən dəfə separatçıların İrəvandakı "nümayəndəliyinə" məxsus bəzi əmlakın, o cümlədən xidməti avtomobilin müsadirə edilməsi cəmiyyətdə hakimiyyətə təpkilər yaratdı. Etirazçı erməni yepiskop Baqrat Qalstanyan "nümayəndəliyə" yeni avtomobil bağışladı. Göründüyü kimi, Paşinyan etirazçı ünsürləri sıradan çıxarmaqla, əslində, öz hakimiyyətini qorumağı hədəfləyir. Amma istənilən halda İrəvanda "nümayəndəliyin" əl-qolunun tam bağlanmasının sülh prosesi üçün faydalı olacağı düşüncəsindəyəm".