ABŞ Suriyanın şimalında Kürd muxtariyyəti quraraq, İraqın şimalında kürd muxtariyyəti ilə birləşməsinə çalışır
"Yaxın Şərqdə davam edən müharibə Türkiyənin geosiyasi maraqlarını təhdid edir".
Bu barədə “Sherg.az”a politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Türkiyəyə qarşı regionda yeni Kürd dövləti qurulması 2003-cü ildən bəri plandadır:
"İsrailin İrana cavab zərbəsi endirməsi ilə tərəflərin bir-birinə qarşı cavabı yekunlaşacaq. Xüsusilə İran genişmiqyaslı müharibədə maraqlı görünmür. Amma proksi qüvvələrinin sıradan çıxarılmasına səssiz dayanmaq istəmir. İsrail və ABŞ İranı zəiflədəcəklər. Qərb Rusiyanı Ukraynada bataqlığa salaraq zəiflətdiyi kimi İranı da eyni aqibət gözləyir. Ümumiyyətlə, ABŞ üçün Rusiya və İran strateji təhdid sayılır. Ona görə də hər iki tərəfə qarşı başladılan hücum beynəlxalq təhlükəsizliyi təhdid edir. Yeni siyasi nizama doğru gedir. İran Qərbin şərtlərini qəbul edib, danışıqlara getməsə, Tehranın ənənəvi siyasət yeritməsi mümkün olmayacaq. ABŞ Suriyanın şimalında Kürd muxtariyyəti quraraq, İraqın şimalında kürd muxtariyyəti ilə birləşməsinə çalışır. İsrail də bu planı dəstəkləyir. Suriya və İraqın parçalanması yeni siyasi nizamın tərkib hissəsi kimi qəbul edilib.
Türkiyə "kürd dövləti"nin yaradılmasının qarşısını almaq üçün Şimali Suriyanı və Mosulu öz ərazi bütövlüyünə daxil etməsə, təhlükələrlə üzləşəcək. Onsuz da İraq və Suriyada hakimiyyətlər sünidir və real siyasi sistemə malik deyillər".