Boliviyanın keçmiş prezidenti Evo Morales azyaşlıya təcavüz və insan alverində şübhəli bilinir

Boliviya Prokurorluğu keçmiş prezidenti Evo Moralesi azyaşlıya təcavüz və insan alveri cinayətlərində şübhəli bilir.

APA- xəbər verir ki, bu barədə Boliviyanın ədliyyə naziri Sezar Sayles məlumat verib.

“Biz insan alveri kimi ciddi cinayətdən danışırıq, cənab Evo Morales və digərləri barəsində istintaq gedir”, deyə ədliyyə naziri Boliviya TV-də yayımlanan mətbuat konfransında deyib.

Sayles qeyd edib ki, bi əmələ görə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Nazir onu da bildirib ki, bu iş çərçivəsində 15 yaşlı qızın zorlanması məsələsi araşdırılıır. Həmin qız zorlanma nəticəsində hamilə qalib.

Ədliyyə nazirinin sözlərinə görə, qızın dünyaya gətirdiyi uşağın doğum şəhadətnaməsində ata kimi Moralesin adı qeyd olunub.

Evo Morales isə ittihamları rədd edir, özünü siyasi təqibin qurbanı sayır.

Moraleslə işləyən hüquqşünaslardan biri Sesiliya Urqueta “Infobae” internet portalına deyib ki, bu, təsdiqlənməyən köhnə şayiədir. Onun sözlərinə görə, zərərçəkmiş olduğu iddia edilən şəxs Moralesdən şikayət verməyib.