İnterpolun rəisi: Ölkələr mafiyaya qarşı mübarizədə məğlub olur

Beynəlxalq Polis Təşkilatının (İnterpol) Baş katibi Yürgen Stok ölkələrin qlobal səviyyədə narkotik ticarəti ilə məşğul olan mafiyaya qarşı mübarizədə uduzmaqda olduqlarını bildirib.

AZƏRTAC xəbər verir ki, Y.Stok Almaniyanın DPA agentliyinə müsahibəsində dünyanın mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə məğlub olmaq təhlükəsi ilə üzləşdiyini vurğulayaraq, cinayətkar qrupların, xüsusilə "transmilli şirkətlər" səviyyəsində güclənən bəzi qruplaşmaların Avropada sabitliyə ciddi təhdid yaratdığını deyib.

Cinayətkar qruplaşmaların əsas gəlir mənbəyinin narkotik ticarəti olduğunu qeyd edən İnterpolun Baş katibi bildirib: "Avropanın bir sıra limanlarında rekord miqdarda narkotik vasitənin ələ keçirilməsinə baxmayaraq, küçələrdəki qiymət və təklifin dəyişməməsi, qıtlığın yaranmaması vəziyyəti aydın şəkildə izah edir". O, müsadirə olunan narkotik maddələrin miqdarının qanunsuz dövriyyədəki vasitələrin cəmi 15-20 faizini təşkil etdiyini bildirib.

Böyük limanlarda korrupsiya hallarının bu qruplara qarşı mübarizəni zəiflətdiyini deyən Y.Stok Cənubi Amerika ölkələrindən gətirilən narkotik vasitələrin Şimali Afrikadakı qarışıqlıqlardan istifadə olunaraq, bu ərazilərdəki limanlar vasitəsilə Aralıq dənizi ilə Avropaya daşındığını deyib. O, narkoticarətlə məşğul olan cinayətkar qruplaşmalar arasında rəqabətin vəziyyəti daha da ağırlaşdırdığını bildirərək, xüsusilə son aylarda Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində bir neçə silahlı hücum və digər kriminal halların əsasında belə qruplar arasında mübarizənin dayandığını vurğulayıb.

Cinayətkarlığa qarşı mübarizədə ölkələrin polis qurumları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edən Ştok bildirib ki, ilk növbədə xüsusilə daha böyük 10-15 cinayətkar qruplaşma aradan qaldırılmalıdır.

Y.Stokun İnterpolun Baş katibi vəzifəsində səlahiyyət müddəti bu ilin noyabrında başa çatacaq.