Senat sədri: Pakistan COP29-da layiqli şəkildə iştirak edəcək

Pakistan və Azərbaycan arasında ikitərəfli ticarətdə son bir neçə ildə ardıcıl artım müşahidə olunur.
APA “İndependent news Pakistan”a istinadən xəbər verir ki, bu barədə Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani Azərbaycan səfiri Xəzər Fərhadov ilə görüş zamanı bildirib.

O, iki ölkənin köklü mədəni və dini bağlılıqlarla bir-birinə yaxın olduğunu bildirib.

Seyid Yusuf Rza Gilani ticarət əlaqələrinin daha da gücləndirilməsinin vacibliyini vurğulayaraq, müxtəlif sektorlarda ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb.

O, həmçinin Azərbaycan xalqına və Azərbaycan rəhbərliyinə xoş arzularını çatdırıb və 2024-cü ilin noyabrında Bakıda COP29-a ev sahibliyi etdiyi üçün Azərbaycanı təbrik edib. Senatın sədri Pakistanın bu mühüm tədbirdə layiqli şəkildə iştirak edəcəyini qeyd edib.

Seyid Yusuf Rza Gilani azərbaycanlı həmkarını əlverişli vaxtda Pakistana səfərə dəvət edib.

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov səmimi qəbula görə Senatın sədrinə təşəkkür edib və əlavə edib ki, Pakistan Azərbaycan üçün mühüm ölkədir və müxtəlif arenalarda əlaqələri daha da genişləndirmək istəyin vurğulayıb.