Kanada Hindistanın 6 diplomatını ölkədən çıxarıb

Kanada Hindistanın 6 yüksək vəzifəli diplomatını ölkədən çıxarıb.

APA-nın “Reuters“ə istinadən xəbərinə görə, bu addıma səbəb həmin şəxslərin siqh separatçılarının lideri Hardip Sinqx Niccarın ölümündə iştirakı ilə bağlı ehtimallardır.

Siyasi müşahidəçilər bu addımın iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcəyini açıqlayıb.

Bu arada, Kanada polisi Hindistanı təmsil edən bir sıra diplomatların ölkənin daxili işlərinə müdaxilə cəhdləri barədə məlumat yayıb. Bildirilib ki, ölkədən deportasiya olunan həmin şəxslər şənbə gününədək Kanadanı tərk etməlidir.

Yaranmış vəziyyətə Kanadanın xarici işlər naziri Melani Coli də münasibət bildirib. O, hökumətin Hindistana şübhəli diplomatların toxunulmazlığının ləğvi ilə bağlı sorğu göndərildiyini, lakin qarşı tərəfin bu məsələyə etinasız yanaşdığını açıqlayıb.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər ötən ilin sonlarından gərginləşib. Bundan sonra rəsmi Ottava 40-dan çox diplomatını geri çağırıb.