Rusiya-Ukrayna müharibəsində tərəflərin bir-birinə güc gəlməsi cəhdləri davam edir. Belə görünür ki, qış gələnə qədər həm Moskva, həm də Kiyev daha əlverişli mövqelərə çıxmaq, mümkün sülh masası arxasına daha uğurlu mövqe ilə oturmaq istəyir. İki ölkənin hərbi və digər resursları məhz buna yönəlib.
Buna rəğmən Ukrayna Prezidenti Zelenski Rusiya ilə münaqişəni 2025-ci ilə qədər bitirmək imkanı yarandığını deyib. Onun sözlərinə görə, cəbhədəki vəziyyət Rusiya-Ukrayna müharibəsini 2025-ci ildən gec olmayaraq bitirmək üçün imkan yaradır.
Dubrovnikdə keçirilən Ukrayna-Cənub-Şərqi Avropa sammitində bu məsələyə toxunan Zelenski konkret nə demək istədiyini açıqlamayıb: “Oktyabr, noyabr və dekabr aylarında bizim sülhə və davamlı sabitliyə doğru irəliləmək şansımız var. Döyüş meydanındakı vəziyyət bu seçimi etmək imkanı yaradır. 2025-ci ildən gec olmayaraq müharibəyə son qoymaq üçün qətiyyətli hərəkət seçimi etməliyik”.
Zelenskinin 2025-ci ildən gec olmayaraq müharibəni bitirmək istəməsi ilə bağlı açıqlamasını şərh edən ukraynalı ekspert Ənvər Derkaç isə hesab edir ki, Rusiyanın şərtləri ilə müharibə bu gün də başa çata bilər. Bu, tam kapitulyasiya və Ukraynanın müstəqil dövlət kimi mövcudluğunu dayandırması olacaq ki, Zelenski heç vaxt buna razı olmaz, hətta ruslar Kiyevi alsa belə: “Ukraynada cəmiyyət belə münasibətlərdə dövlətin yanındadır. Hakimiyyətin hərəkətləri ilə cəmiyyətin gözləntiləri arasında kəskin uyğunsuzluq yaranarsa, hakimiyyət yıxılacaq. Buna görə də Zelenskinin Rusiya ilə kompromis addımları hərbi çevrilişə səbəb ola bilər. Bu artıq Ukraynanın mövcudluğu üçün real təhlükə olacaq. Müharibə şəraitində belə güclü və qəddar düşmənə uğurla müqavimət göstərmək ancaq cəmiyyət-dövlət birliyini qoruyub saxlamaqla mümkündür”.
Kiyevin ABŞ-dən təhlükəsizlik zəmanəti və AB-yə daxil olmaq müqabilində ərazilərin itirilməsini tanımadan cəbhə xətti boyunca atəşkəsə hazır olması barədə iddialara münasibət bildirən Derkaç Rusiyanın belə bir kompromisə hazır olmadığını vurğulayıb: “Bu, əsas maneədir. Qərb də dərin düşüncədədir. Ona görə də müharibə gələn il də davam edəcək, hətta ruslar Dneprə çatsa belə. Ukraynalılar üçün bu müharibə xalq, millət olaraq yaşamaq məsələsidir. Təslim olmaq mövcudluğu dayandırmaq deməkdir. Ukrayna xalqında həyatı qorumaq instinkti həmişə güclü olub. Əvvəllər bu, istənilən şəraitdə uyğunlaşmaq və yaşamaq qabiliyyətində özünü göstərirdi. İndi dövlətində otuz ildən çox yaşayıb, müharibədə on minlərlə kişi və qadın itirib, təslim olmaq və yenidən işğalçının iradəsinə uyğunlaşmaq ölüm demək olardı. Ukraynada insanların çoxu bunu başa düşür”.
Ukraynanın dövlət başçısının belə bir açıqlama verməsi təsadüfi deyil siyasi şərhçilər tərəfindən təsadüfi hesab edilmir. Qeyd edilir ki, Ukraynanın ehtiyatları tükənib. Bundan sonra isə Ukraynanın eyni templə Rusiyaya qarşı savaş aparması çətin görünür.
Strateji Araşdırmalar Mərkəzinin sektor müdiri Tural İsmayılov “Sherg.az”a açıqlamasında deyib ki, Ukrayna Qərbdən gələn böyük yardımlar hesabına müharibəni davam etdirsə də, cəbhədə vəziyyətin gərginləşdiyinin fərqindədir:
“Müharibədə hər iki tərəfdən çox sayda itkilər olur, bu itkilərdə də bir sıra məqamlarda hər iki tərəf üçün arzuolunmaz tendensiyalar və müşahidələr edilir.
Ukrayna prezidenti bir tərəfdən müharibənin tezliklə bitməsini arzulasa da, Ukrayna-Rusiya müharibəsinin gələcək nəticələri ilə bağlı ciddi qorxuları mövcuddur. Hər şeydən əvvəl müharibənin uzanması Ukrayna dövlətinin gələcəyi ilə bağlı ciddi təhdidlər formalaşdırır. Odur ki, Zelenski ən azından Rusiya ilə danışıqları bərpa edib, bu yolla aradakı narazılıqların həll edilməsinə inanır”.
T.İsmayılov hesab edir ki, müharibənin tamamilə başa çatması və iki ölkə arasında daimi sülhün formalaşması olduqca çətindir.