Rusiya-Şimali Koreya müttəfiqliyinin əsası qoyuldu

Kurskda Ukrayna qoşunlarına qarşı Şimali Koreya ordusu cəlb olunacaq


  Şimali Koreyadan olan minlərlə hərbçi ilin sonunadək Rusiya-Ukrayna müharibəsinə qoşulacaq. Bu barədə “The Washington Post” nəşri məlumat yayıb. Qeyd olunub ki, bu məqsədlə onlar hazırda Rusiyanın ərazisindəki hərbi təlimlərə cəlb olunub. “Artıq onlardan bir qismi Ukraynaya göndərilərək hərbi əməliyyatlarda iştirak edir”, – nəşr əlavə edib. Rəsmi Moskva yayılan iddialara şərh verməsə də, qəzetin mənbəyi iddiaların əsassız olmadığını açıqlayıb.
Bir sıra  şərhçilər hesab edir ki, belə iddiaların sadəcə manipulyasiya və informasiya müharibəsinin tərkib hissəsi olması ehtimalı az deyil.

  Politoloq Məhəmməd Əsədullazadə isə “Sherg.az”a açıqlamasında deyib ki, Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına Rusiya Federasiyası ilə Şimali Koreya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilənin ratifikasiyası layihəsini təqdim edib. Onun sözlərinə görə, Rusiya Federasiyası ilə KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq sazişi tərəflərdən birinə hücum zamanı birinin digərinə hərbi və digər yardımlarını nəzərdə tutur: 

“Bundan sonra, Şimali Koreya hərbiçiləri Ukraynaya qarşı müharibədə iştirak edəcək. Qərbi Ukraynaya muzdlu qoşun göndərməkdə ittiham edən Kreml Şimali Koreya ordusunu müharibəyə cəlb edir. Bundan sonra, Ukraynaya qarşı Rusiya Şimali Koreya ilə birgə hərbi əməliyyatlar aparacaq. Bununla da, Qərbə qarşı rəsmən Rusiya-Şimali Koreya müttəfiqliyinin əsası qoyuldu. Kurskda Ukrayna qoşunlarına qarşı Şimali Koreya ordusu cəlb ediləcək. ABŞ və digər Avropa ölkələri də Ukrayna ilə müqavilə bağlayıb, bu ölkəyə öz qoşununu göndərə bilər. Birinci addımı Rusiyanın atması, Qərbə bu kimi imkanı tanıdı. Rusiya-Ukrayna müharibəsi digər ölkələrin müharibəyə qoşulmasına və daha da genişləndirilməsinə gətirib çıxarir. Rusiyanın Şimali Koreyanı müharibəyə cəlb etməsi, Koreya yarımadasında yeni müharibəyə gətirib çıxara bilər. 
Yeni dünya nizamı Ukrayna cəbhəsindən asılıdır. Qərblə Rusiya-Simali Koreya arasında müharibə yeni mərhələyə keçir”.