Bu həm də müharibənin dayandırılması üçün güclü beynəlxalq təzyiqə əsas ola bilər
HƏMAS-ın İsrailə hücumuna cavab olaraq, İsrail başladığı müharibənin iki hədəfinin olduğunu rəsmi qaydada elan etmişdi: HƏMAS-ı hərbi qüvvə kimi məhv etmək, HƏMAS-ın götürdüyü girovları azad etmək. Fakt faktlığında qalır, İsrail nəinki HƏMAS-ı məhv edib, onun sosial və siyasi bazasını da dağıdıb.
İsrailin ikinci (girovları azad etmək) hədəfi isə hələ icra olunmamış kimi təqdim edilir. Ancaq reallıqlar tamamilə başqadır.
Siyasi şərhçi Vüqar Dadaşovun “Sherg.az”a açıqlamasına görə, İsrail elan etdiyi düşmənlərinin liderlərinin yerini dəqiqliklə müəyyən edərək onları məhv edirsə, deməli, İsrail üçün girovların yerini müəyyən etmək elə də çətin deyil:
“Təkcə son günlərdə HƏMAS, Hizbullah liderlərinin məhv edilməsi, yenicə təyin olunmuş HƏMAS lideri Yəhya Sinvarın öldürülməsi ona sübutdur ki, İsrail Qəzza zolağında bütün vəziyyətə nəzarət edir və kəşfiyyat məlumatları yetərincə dolğundur. Fiziki olaraq isə Qəzzanın 80 faizdən çoxu dağıdılıb və normal yaşayış üçün yararsızdır. Bu halda sual olunur ki, İsrail necə ola bilər ki, girovların yerini müəyyən edə bilmir?!
Əlbəttə, heç şübhəsiz ki, İsrailə girovların yerləri bəllidir, ancaq müharibəyə başlama üçün hədəf kimi müəyyən edilən səbəbin aradan qaldırılması siyasi-hərbi məqsədlərlə uzlaşmır. Çünki İsrailin daha böyük hədəfləri var - Fələstin məsələsini köklü şəkildə həll etmək, İsrail dövlətinin sərhədlərini nəinki Fələstin torpaqları, qonşu və region dövlətlərinin əraziləri hesabına genişləndirmək. Proses nə qədər də İsrail üçün riskli görünsə də, İsrail ABŞ-nin dəstəyi ilə hədəflərinə addım-addım yaxınlaşır.
İsrail məqsədlərinə çatana kimi girovlarını azad etmək istəmir, bu həm də müharibənin dayandırılması üçün güclü beynəlxalq təzyiqə əsas ola bilər və çox güman ki, İsrail həmin girovların salamat azad olunmasında da maraqlı deyil. Çünki salamat girovlar İsrailin plan və hərəkətləri haqqında müəyyən məlumatlara malik ola bilərlər. Sözsüz ki, bəzi girovların salamat azad olma ehtimalı da var, hərbi əməliyyatlarla və ya dəyişdirməklə, ancaq azad olunan şəxs üzərində "işləniləcək"”.