Keçirilən reydlər də göstərir ki, sənədi düz olmayan, saxta tibbi arayış, saxta sənədlərlə öz varlığını təmin edən şəxslər var və bu, çox ciddi qanun pozuntusudur
"Rusiyada qeyri-qanuni yaşayan miqrantlar və onların ailə üzvləri ölkədən çıxarılmalıdır”.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev dövlət miqrasiya siyasəti ilə bağlı iclasda deyib.
Sədr müavini bildirib ki, hər kəs bunu xatırlamalıdır. Üstəlik, əgər kimsə ölkəmizin ərazisindədirsə və işləmirsə, oxumursa, o zaman belə bir şəxs son nəticədə ölkəmizi tərk etməlidir.
Rusiyanın xeyli vaxtdır ölkə ərazisində qanunsuz yaşayan və əməklə məşğul olan miqrantların reyestrini yaratdığını xatırladan Milli Məclisin deputatı və "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov "Sherg.az"a açıqlamasında deyib ki, bu reyestrdə qeydiyyatda olan miqrantların bir çox məsələlərdə hüquqları məhdudlaşdırılır:
“Məsələn, hansısa müqavilələrin, nikahların bağlanması, iş icazələrinin alınması və sair məsələlərdə onlar ciddi məhdudiyyətlərlə üzləşməli olacaqlar. Çünki faktiki olaraq Rusiya hökuməti açıq tekstlə bəyan edir ki, qeyri-qanuni miqrasiya ilə mübarizəni ön plana çəkərək müxtəlif məhdudiyyətlər tətbiq etməklə miqrasiya qaydalarını sərtləşdirməyə çalışır. Və burada əsas məqsəd ölkə ərazisində qeyri-qanuni miqrantların sayının azalmasına nail olmaqdır. Məhdudiyyətlərin tətbiqi, miqrasiya sahəsində yeni qaydaların qüvvəyə minməsi qeyri-qanuni miqrasiyanın azalmasına gətirib çıxaracaq. Miqrantlar da yaxşı başa düşür ki, Rusiya hər nə qədər böyük ölkə olsa da, ölkənin bəzi ərazilərində dövlət nəzarəti zəif olsa da, ümumi siyasət və yanaşma daha ciddi nəzarət mexanizmlərinin tətbiqi ilə bağlıdır. Federal məlumat bazasının yaradılması, miqrantlarla bağlı genetik informasiyaların bu bazaya daxil edilməsi, sonrakı mərhələdə ümumi siyasətin əldə olunan nəticələrə uyğun aparılmasına hesablanıb. Bu onu göstərir ki, Rusiya hökuməti miqrasiya qaydalarının sərtləşməsində israrlıdır. Bu, müəyyən mənada, “aşağı-yuxarı” insan hüquqlarının pozulması kimi qiymətləndirilir beynəlxalq təşkilatlar tərəfindən. Amma bu da həqiqətdir ki, qeyri-qanuni miqrasiya ilə mübarizə, bəlkə, daha sərt davranışlar tələb edir və Rusiya hökuməti də bunda israrlıdır”.
A.Allahverənov bildirib ki, hazırda Rusiya ərazisində 6 milyondan çox miqrantın yaşaması barədə məlumatlar var:
“Hətta bu rəqəmdən kənar ölkə ərazisində qeyri-qanuni yaşayan miqrantların sayının daha çox olması haqqında məlumatlar da var. Siyasi elitada səslənən rəqəmlər 2 milyondan 4 milyona qədərdir. Yəni qeyri-qanuni miqrantların sayının 2-4 milyon arası olduğu bildirilir. Keçirilən reydlər də göstərir ki, sənədi düz olmayan, saxta tibbi arayış, saxta sənədlərlə öz varlığını təmin edən şəxslər var və bu, çox ciddi qanun pozuntusudur. Rusiya hökuməti qanunsuz miqrasiya ilə daha çevik mübarizə aparmaq istəyir. Reyestr siyahısı da məhz bu mübarizənin daha effektiv icrasını təmin etmiş olur, hələlik bir seqment üzərində. Digər seqmentlərlə bağlı da iş aparılır”.