ABŞ Rusiya-Şimali Koreya ittifaqına qarşı, Ukraynada Kiyev-Cənubi Koreya müttəfiqliyi qurur
Cənubi Koreya Şimali Koreya hərbçilərinin Ukraynada olmasına nəzarət etmək üçün o ölkəyə xüsusi qrup göndərəcək. Bu barədə “Röyter” agentliyinə Cənubi Koreya hökumətinin nümayəndəsi məlumat verib. Anonim məmurun sözlərinə görə, rəsmi Seulun fikrincə, Rusiya-Ukrayna münaqişəsində Rusiya tərəfindən iştirak edə biləcək Şimali Koreya qüvvələrinin mümkün yerləşdirilməsinin təhlili üçün bir qrup mütəxəssisdən istifadə olunacaq. Bundan əvvəl ABŞ Prezidenti Co Bayden deyib ki, əgər KXDR hərbçiləri Ukraynada Rusiyanın tərəfində döyüşürsə, o zaman Kiyev onlara zərbə endirməlidir. Kreml rəsmisi Dmitri Peskov isə KXDR-dən olan hərbçilərin Kursk vilayətində olması ilə bağlı yayılan məlumatları şərh edib və bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin bu mövzu ilə bağlı yekun mətbuat konfransı zamanı dediklərinə əlavə heç nə yoxdur.
Mövzunu şərh edən siyasi şərhçi Aqşin Kərimov “Sherg.az"a açıqlamasında deyib ki, Ukrayna sözün əsl mənasında - həm hərbi, həm də strateji rəqabətdə - poliqondur:
“Bir tərəfdə Rusiya-Şimali Koreya qoşunları, bir tərəfdə Ukrayna tərəfindən döyüşən əcnəbi döyüşçülər, başqa bir tərəfdə isə Rusiyanın Afrikadan gətirdiyi muzdlular və s”.
Onun sözlərinə görə, indi də Cənubi Koreya hərbi kontingentinin Ukraynaya gedəcəyi barədə məlumatlar yayılıb: “Həmin qoşunlar Ukraynaya göndərilsə, onların məqsədinin Şimali Koreya hərbçilərinin Ukraynadakı fəaliyyətini monitorinq etmək olduğu bildirilir. Zənnimcə, ABŞ Rusiya-Şimali Koreya ittifaqına qarşı, Ukraynada Kiyev-Cənubi Koreya müttəfiqliyi qurur. Koreya yarımadasındakı münaqişənin Ukraynaya inteqrasiya edilməsi isə ABŞ-Rusiya-Çin üçtərəfli güc, əməkdaşlıq və rəqabət motivlərini stimullaşdırır...”.