Zelenskinin sui-qəsdə qurban getməsi Qərbin məğlubiyyəti ilə nəticələnəcək -ŞƏRH

Rusiyanın Ukraynaya hücumundan öncə Qərb Prezident Vladimir Zelenskidən video çəkməsini istəyirdi. Bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “ABŞ-Ukrayna. Ağ Evin məxfi sənədləri” adlı verilişdə deyib. Kulebanın sözlərinə görə, Qərbdə Zelenskinin öldürülməsini mümkün hesab edirdilər. O bildirib ki, Ukraynanın böyük dostlarından biri geri qayıdacağımı deyəndə mənə mesaj göndərdi və dedi ki, Zelenski video çəkməlidir. ABŞ vitse-prezidenti Kamala Harris Zelenskiyə mühacirətdə hökumətin yaradılmasına hazırlaşmağı, həmçinin Ukraynanı partizan müharibəsinə hazırlamaq üçün hərbi yollar axtarmağı tövsiyə etmişdi.

Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, sui-qəsd məsələsi təkcə Zelenski üçün deyil, bütün dünya liderləri, parlament sədrləri, baş nazirlər üçün həmişə keçərli risk kimi qalır:

“Hər bir ölkənin hüquq mühafizə orqanları və təhlükəsizlik qrumları həmin önəmli dövlət şəxslərini qoruma üstünlük verərək, daha ciddi addımlar atırlar. İstənilən ölkədə dövlət üçün ən önəmli şəxslərdən hansısa birinin sui-qəsdə qurban getməsi zəifliyin və təhlükəsizlik baxımından yetərli olmamağın göstəricisidir. Eyni zamanda həmin ölkə dünya dövlətləri arasında nüfuzunu sarsıdır. Ona görə də ölkə rəhbərlərinə qarşı sui-qəsd məsələsi dövlətlərin ən həssas nöqtəsi olur. Zelenskinin sui-qəsdə qurban getməsi məsələsi fonunda əvvəldə də məlumatlar yayılırdı. Ukrayna kimi müharibə vəziyyətində olan ölkələrdə onların məğlubiyyətindən yana olan dövlətlərin qələbə prosesini asanlaşdırmaq üçün edə biləcəyi addımlardan biri də budur. Çünki belə olan halda Ukraynanın daxilində siyasi baxımdan fikir ayrılıqları başlayacaq və daxili çaxnaşmaya səbəb olacaqdı. Eyni zamanda ölkənin daxili əzmini qırardı. Zelenskinin sui-qəsdə qurban getməsi Kollektiv Qərbin Ukraynada Rusiyaya qarşı mübarizədə məğlubiyyəti ilə nəticələnəcək. Ona görə hər zaman Zelenskinin təhlükəsizliyinin qorunmasından yanadırlar. Zelenskiyə qarşı sui-qəsd məsələsi bundan sonra da aktual olaraq qalacaq”.