Asif Nərimanlı: Sandunun qələbəsini Qərbin zəfəri adlandırmaq olar

Maya Sandu Moldovada prezident seçkilərinin ikinci turunda səslərin 99,86%-nin (930 512) hesablanmasından sonra 55,41% səs toplayıb.
Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Bu, onun prezident postunda yeni mandatını təmin edə bilər.
Eyni zamanda, onun rəqibi Aleksandr Stoyanoqlo 44,59% səs toplayıb.
Qeyd edək ki, Moldovada prezident 4 il müddətinə seçilir.

Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a söyləyib ki, Prezident Maya Sandunun seçkinin ikinci turunda qələbə qazanmasını Moldovada Rusiya və Qərb qarşıdurmasının yekunu adlandırmaq olar:

“Seçkilərdə çox az fərqlə də olsa, Avropaya inteqrasiyanın tərəfdarları qazandı. Seçkilərin birinci turunda prezident seçkiləriylə yanaşı Moldovanın siyasi xəttind Avropaya inteqrasiya məsələsi də müzakirə olunurdu. Həmin zaman da çox az fərqlə Avropaya inteqrasiyanın tərəfdarları qalib gəldi. Amma Maya Sandunun nəticələri 50 faizi keçmədiyinə görə seçkilər ikinci tura qaldı. İkinci turda isə Maya Sandunun qalib olmasında diasporda olan moldovalılar əsas rol oynadı. Nəticədə Maya Sandunun qələbəsini Qərbin zəfəri adlandırmaq olar. Bundan sonrakı dövrdə Moldovanın siyasi xəttini də seçkilərin nəticələri müəyyənləşdirəcək. Avropaya inteqrasiyanın əleyhinə olanların təxminən 49, 5 faiz səsə malik olduğunu da nəzərə almaq lazımdır. Eyni zamanda Maya Sandunun rusyönümlü rəqibi də 48 faizdən çox səs toplayıb. Yəni Moldovada əhalinin yarısının rusyönümlü olduğunu göstərir. Bu isə ölkə üçün həm iqtisadi, həm də siyasi problemlər yarada bilər. Digər tərəfdən isə rusyönümlü qüvvələrin çoxluq təşkil etməsi Rusiyanın Moldovada qalib gəlməsinə ümid yaradır. Rusiya gələcəkdə Moldovada qərbyönümlü qüvvələrin hakimiyyətdən getməsi üçün səylərini artıra bilər. Ümumiyyətlə Rusiyanın və ya Qərbin Moldovada qalib gəlməsi yaxud uduzması strateji əhəmiyyət daşıyır”.