Qurban Qurbanov davadan danışdı: Yankoviç və Silva 100 faiz cəzalandırılacaq

“Çatışmazlıqlarımız var. Bunu gizlətmirəm. Belə yanaşmaq lazım deyil ki, “Qarabağ” əvvəlki kimi olmayacaq. Daha yaxşı olmağa çalışırıq. Olmasa belə, bu, o demək deyil ki, biz əllərimizi yanımıza salmışıq. Yaxşı nəticələr qazanmağa çalışırıq”.

Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının X turunda səfərdə “Qəbələ” ilə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis öncə qarşılaşmanı dəyərləndirib:

“Qalib gəlmək istəyirdik, amma alınmadı. Qarşımızda yaxşı, çox istəkli və əks-hücumlarda sürətli olan bir kollektiv var idi. Çempionat onu göstərir ki, hər oyuna maksimum hazırlaşmalıyıq. Pozitiv olaraq qarşıdakı matçlara hazırlaşacağıq.

“Sabah”ın burada işi elə də asan olmamışdı. İki qolu son dəqiqələrdə vurmuşdular. “Qəbələ”də yeni baş məşqçi var. Yeton Bekirini tanıyıram. Ötən mövsüm Çempionlar Liqasında onun komandasına qarşı oynamışdıq. “Qəbələ” get-gedə daha yaxşı olacaq. Lider olmaq istəyiriksə, əlbəttə ki, daha yaxşı oynamalıyıq. Çatışmazlıqlarımız var. Bu da normal haldır. Ümumilikdə, çempionatın gedişinə baxsaq, hər turda istənilən nəticə qeydə alına bilər.

Daha yaxşı oynamalı, daha çox topa sahib olmalı, qol epizodları yaratmalıyıq. Bunun üzərində işləyirik. Potensialımız, gücümüz var.

Futbol elə oyundur ki, daim dəyişikliklər olur. Birdən-birə böyük dəyişiklik haradasa düşüncələrimizə mane olur. Çatışmazlıqlarla bağlı bir neçə fikir söyləmək olar. Əvvəlkindən daha yaxşı olmağa çalışırıq. İstənilən komanda istənilən rəqibə qarşı yaxşı oyun qura bilir. Bu da çempionatın səviyyəsinin qalxdığını göstərir. Bəlkə də tam düşündüyümüz tipdə oyunçular əldə edə bilmədik. Bəzən futbolçulara görə oyun qurmağa çalışırıq. Amma hər bir halda, mənə elə gəlir ki, çatışmazlıqları aradan qaldıracağıq. Oyunçuların potensialı var. Avrokuboklarda mübarizəni dayandırmaq bizə psixoloji cəhətdən təsir etdi. Bəzi futbolçuların zədələnməsi rotasiya imkanlarını azaltdı. Mütləq şəkildə yaxşı olmalıyıq”.

Qurban Qurbanov ilk hissənin sonunda Mateus Silva ilə Marko Yankoviç arasında baş verən mübahisə barədə də danışıb:

“Futbol emosional oyundur. Belə halları dünya futbolunda tez-tez görürük. Komanda yoldaşıdırlar, dostdurlar. Həmişə bir yerdədirlər, bir-birlərinə qarşı pozitiv olurlar. Tam araşdırmamışam. Ola bilər ki, oyunda əsəbiləşmələrinə səbəb olan hadisə var. Bunu biz bilmirik. Amma yüz faiz cəzalanacaqlar. Marko Yankoviçin fasilədə əvəzlənməsi sırf mübahisə ilə bağlı oldu. Bu cür hallar komandanın nəticəsinə təsir edir”.