Müctəbadan orduya göstəriş: “Dərhal və coğrafi sərhəd tanımadan cavab verin”

İranın ali rəhbəri Müctəba Xamenei ABŞ-la yeni hərbi qarşıdurma ehtimalı ilə bağlı iddiaların gündəmə gəlməsindən sonra yüksək rütbəli hərbi rəsmilərlə görüş keçirib. O, mümkün hücumlara qarşı ordunun hazırlıqlı olmasını və istənilən təcavüzə dərhal, effektiv və coğrafi sərhəd tanımadan cavab verilməsini tapşırıb.

Sherg.az xəbər verir ki, bu barədə İran ali rəhbərinin ofisinin yaydığı yazılı açıqlamada bildirilib.

Məlumata görə, görüşdə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahi, ordu komandanı general-mayor Əmir Hatəmi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Əhməd Vahidi də iştirak ediblər.

Müctəba Xamenei hərbi rəsmilərə mümkün hücumlara qarşı hazırlıqlı olmağı tapşıraraq bildirib:

“Düşmənlər yenidən hərbi və ya terror hücumlarına əl atarsa, bu hücumların nə vaxt və hansı şəraitdə başa çatacağına İran İslam Respublikasının Silahlı Qüvvələri və İran xalqı qərar verəcək”.

ABŞ VƏ İSRAİLİN BÜTÜN OBYEKTLƏRİ HƏDƏF SİYAHISINA DAXİL EDİLİB

Xamenei müdafiə potensialının taktiki və doktrinal baxımdan gücləndirilməsinin, yeni texnologiyalardan istifadə etməklə təhlükəsizlik sisteminin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. O, silahlı qüvvələrə maliyyə dəstəyinin artırılmasının da zəruri olduğunu bildirib.

Görüş zamanı İran Silahlı Qüvvələrinin hədəf siyahısının yeniləndiyi, ABŞ və İsrailə məxsus bütün maddi və mənəvi obyektlərin İranın zərbə imkanları çərçivəsində hədəflər siyahısına daxil edilməsi barədə qərar qəbul olunduğu bildirilib.

İranlı komandirlər, həmçinin Hörmüz boğazı, Oman dənizi və ölkənin sərhəd bölgələrində yerləşdirilmiş hərbi qüvvələrin vəziyyəti, eləcə də mövcud sursat ehtiyatları barədə ali rəhbərə məruzə ediblər.

HÖRMÜZ BOĞAZININ AÇILMASI PLANI İLƏ BAĞLI YENİ TƏKLİF

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ rəsmiləri ilə görüş planının olmadığını və bununla bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Əraqçi, həmçinin Tehranın tələblərinin yerinə yetirilməsi şərtilə Hörmüz boğazının açılması planının icra müddətinin iki günə endirilməsini nəzərdə tutan yeni təkliflə bağlı Qətərlə danışıqların davam etdiyini açıqlayıb.

Nazir bildirib ki, Qətər tərəfi əvvəlcə təklifin icra müddətinin beş günə endirilməsini istəyib. Hazırda isə bu müddətin iki günə qədər azaldılması variantı müzakirə olunur.