Rusiya ABŞ-dan Moskvada terror aktı hazırlanması ilə bağlı xəbərdarlıq alıb.
Sherg.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətindən (FSB) məlumat verilib.
Qurumun məlumatına görə, hadisə oktyabrın 31-də, şənbə günü baş verib. Mümkün terror hücumu ilə bağlı məlumat ABŞ tərəfi tərəfindən tərəfdaşlıq kanalları vasitəsilə Rusiyaya ötürülüb. Hazırda Rusiya xüsusi xidmət orqanları daxil olan məlumat əsasında müvafiq tədbirlər həyata keçirir.
Qeyd edək ki, bundan əvvəl Rusiya hüquq-mühafizə orqanları Moskva vilayətində raketdən müdafiə sistemlərinin və enerji infrastrukturunun yerləşdiyi obyektlərə qarşı terror aktlarının qarşısını alıb.
FSB-nin məlumatına görə, Ukrayna xüsusi xidmət orqanlarının iki agenti partlayıcı qurğularla təchiz edilmiş pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumlar hazırlayıb. Şübhəlilər cinayətlərin hazırlanması mərhələsində saxlanılıb. Bundan sonra qurum onların dindirilməsi görüntülərini yayımlayıb.