Müharibəyə görə rusların Avropaya qapıları bağlıdır  - RƏY

Ona görə əksər rus turistləri ən yaxın Türkiyəyə üz tuturlar

Türkiyədə tur-paketlərin qiymətinin daha da bahalaşmasına rəğmən   rusiyalı turistlərin sayının artması təbiidir


  Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) 2024-cü ilin oktyabr ayında Antalyaya gedən rusiyalı turistlərin sayı ilə bağlı qiymətləndirmə dərc edib.
Hesabata görə, Antalya çimərlikləri bu il rus turistlər üçün çox məhsuldar dövr keçirib. Ötən ilin eyni ayında 431 min olan rusiyalı ziyarətçilərin sayı bu il 519 minə yüksəlib. Keçən oktyabr ayı ilə müqayisədə Antalyaya gələn rusiyalı turistlərin sayında 20 faiz artım olub.
  ATOR rəsmiləri oktyabrda rusiyalı turist axınındakı bu artımı iki əsas amillə əlaqələndiriblər. Əvvəla, bir çox turist yay mövsümü qiymətlərinin yüksək olması səbəbindən tətil planlarını bilərəkdən payıza keçirib və mövsüm sonu endirimlərindən yararlanıb.
İkincisi, 2024-cü ilin payızının kifayət qədər isti keçməsi və hətta noyabr ayında dənizin temperaturunun 26 dərəcəyə çatması səbəbindən Kəmər kimi bölgələrdə tətil imkanları əlverişli olub.
  Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov isə “Sherg.az"a açıqlamasında deyib ki, Türkiyədə tur-paketlərin qiymətinin daha da bahalaşmasına rəğmən   rusiyalı turistlərin sayının artması təbiidir: 

“Rusiya ilə bağlı dünyada siyasi gərginlik yaşanır. Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar bir çox qərb ölkələri Rusiya vətəndaşları üçün məhdudiyyətlər tətbiq edib. Rusiyalı turistlər Avropa ölkələrinə turistik səfər edə bilmədikləri üçün Şərq ölkələrinə  üz tuturlar. Türkiyə  də həm Avropa ölkəsi, həm də ənənəvi turizm məkanı olaraq rusiyalı turistlərin üz tutduqları ölkə sırasında yer alır. Ötən illə müqayisədə Antalyaya səfər edən turistlərin sayının artması da məhz bu səbəbdən qaynaqlanır. Sözsüz ki, Türkiyəyə gedən rusların arasında investisiya yatırımı edən, daşınmaz əmlak  alan insanların sayı da az deyil”.